Beynəlxalq Sərgi-Yarmarka yaradıcı müzakirə və təqdimatlarla başa çatdı
   
   Ömür kitabı: «Çərçivə»
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bir sıra təqdimatlarla da yadda qaldı.
   Tədbirin son günü tanınmış şair Çingiz Əlioğlunun «Çərçivə» kitabının təqdimatı keçirildi. Xatırladaq ki, “Təhsil” nəşriyyatında işıq üzü görən kitab ötən il Moskvada keçirilən VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin baş mükafatına (Qran-pri) layiq görülüb.
   Təqdimat mərasimində çıxış edən yazıçı-publisist Mustafa Çəmənli kitabın həm yüksək poliqrafiya nümunəsi, həm də gözəl poetik toplu kimi məziyyətlərini qeyd etdi: “Kitabda müəllifin poetik istedadı ilə nəşriyyat işi uzlaşaraq ahəng yaradıb. Şairin ömür kitabı olan “Çərçivə” əslində hüdudsuz pəncərədən görünən yaradıcılıq yolunu xatırladır. Oxucu kitabda Çingiz Əlioğlunun çoxşaxəli yaradıcılıq yoluna boylana bilər”.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənli qələm dostu Çingiz Əlioğlunun yaradıcılığından söz açdı, nəfis tərtibatda nəşr olunan “Çərçivə” kitabının dəyərli ədəbiyyat nümunəsi olduğunu söylədi: “İnsanı düşündürən elə bir mövzu yoxdur ki, Çingiz Əlioğlunun yaradıcılığında təzahür etməsin. Təqdimatına yığışdığımız kitab müəllifin yaradıcılığının uğurlu davamıdır. Poliqrafiya imkanlarının geniş istifadə olunduğu kitabdakı poetik nümunələrdə insanın hüdudsuz arzularına geniş yer verilib”.
   Xalq rəssamı Arif Hüseynov duyğularının təsvirini poetik çalarlarla oxucuya çatdıran şairə yaradıcılıq uğurları arzuladı.
   Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müəllifin çərçivələrə sığmayan “Çərçivə” kitabı ilə insanlarda gözəl hislər oyatdığını bildirdi.
   Tədbirdə çıxış edən şair-tərcüməçi Səyavuş Məmmədzadə, professor Elçin İsgəndərzadə, filologiya elmləri doktoru Rüstəm Kamal və başqaları müəllifi yaradıcılığından danışdılar, kitabla bağlı öz təəssüratlarını bölüşdülər.
   
   20 ilin ədəbi mənzərəsi: sərgi-yarmarkada dəyirmi masa
   
   Sentyabrın 30-da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar “20 ilin ədəbi mənzərəsi” adlı dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatının mövcud vəziyyətini təhlil etdi. Qeyd olundu ki, istiqlal dövrünün nəşrləri ənənələrə sadiqliyi ilə seçilir. Müstəqillik dövründə də gənclər, yaradıcı insanlar yaşayıb yaradaraq müxtəlif əsərlər çap etdiriblər. Bu gün şair və yazıçılara yazıb-yaratmağa, bədii düşüncələrini əsərə çevirmələrinə hər bir şərait var. Hər bir yaradıcı insan müxtəlif janr və formalarda öz fikrini deyə bilir.
   Filologiya elmləri doktoru, professor Şirindil Alışanov, ədəbiyyatşünas Arif Əmrahoğlu, professor Buludxan Xəlilov və başqaları ədəbiyyatımızın müxtəlif janrlarının inkişaf istiqamətləri ilə bağlı öz fikirlərini bölüşdülər.
   Qeyd olundu ki, müstəqillik dövründə gözəl bədii əsərlər yaranıb və bunların əksəriyyəti oxucular tərəfindən sevilir. Keçirilən sərgi-yarmarkada həmin əsərlər müstəqillik dövrünün əsərləri kimi təqdir olunur. Bundan əlavə, Azərbaycanın müstəqilliyi mühacir dövrünün ədəbiyyatının itməməsinə, yenidən çap olunaraq ictimaiyyətə çatdırılmasına imkan verdi.
   
   “Qızıl Kəlmə” mükafatı laureatları ilə görüş
   
   Kitab böyük müəllimdir, sinəsində min aləm var. Vaxtilə orta məktəb dərsliyindən oxuduğum bu sətirlər II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyi üç gündə hey yada düşürdü. Onlarla nəşriyyatın, kitabxanaların, xarici nümayəndələrin iştirak etdiyi tədbir böyük oxucu marağı doğurmuşdu. Bu, stendlərin hər birinin qarşısında hiss olunurdu. Sərgi-yarmarkada keçirilən yaradıcılıq görüşləri, müzakirələr də kitab və ədəbiyyatsevərlərin diqqətini çəkirdi.
   Sentyabrın 30-da sərgi-yarmarkası çərçivəsində “Qızıl Kəlmə” ədəbi mükafatı laureatları ilə görüş də bu qəbildən idi.
   Tədbiri giriş sözü ilə açan şair Əjdər Ol ölkəmizdə kitab mədəniyyətinin inkişafına diqqət və qayğıdan, son vaxtlar kitaba marağın artmasından danışdı. Müasir dövrdə ədəbiyyatımızda sanballı əsərlərin yarandığını qeyd edən şair 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl Kəlmə” ədəbi mükafatının təsis olunmasını ədəbiyyata, yaradıcı insanlara qayğının nümunəsi kimi dəyərləndirdi.
   “Qızıl Kəlmə” ədəbi mükafatının laureatları - yazıçılar Natiq Rəsulzadə, Varis, şair-tərcüməçi Ağacəfər Həsənli, tərcüməçi Telman Vəlixanlı və digər çıxış edənlər yaradıcı insanların əməyinə verilən qiymətə və beynəlxalq kitab sərgi-yarmarkasının təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
   Qeyd olundu ki, ədəbi mükafatın əsas vəzifəsi yüksək bədii və sənətkarlıq keyfiyyətinə malik ədəbi əsərləri dəyərləndirib təbliğ etmək, istedadlı ədiblərin yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır. Natiqlər mükafata layiq görülmüş kitabların oxucular tərəfindən böyük maraqla qarşılanacağını, istedadlı yazarlara verilən ədəbi mükafatların sayının çoxalmasını arzuladıqlarını dilə gətirdilər.
   
   Yaradıcı gənclərə qayğı onları yeni əsərlər yazmağa ruhlandırır
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Gənc Ədiblər Məktəbinin üzvləri ilə də görüş keçirildi.
   Görüşdə Yazıçılar Birliyinin katibi Rəşad Məcid son vaxtlar yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, dövlət vəsaiti hesabına istedadlı gənc yazıçıların kitablarının nəşr edilməsi, onlara bir illik Prezident təqaüdlərinin verilməsi böyük rəğbətlə qarşılanıb, gəncləri yazıb-yaratmağa daha da ruhlandırır.
   Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı hər zaman gənclərin tərəfində olub onları dəstəklədiyini dedi: “Mən gənclərin gücünə inanıram. Ədəbiyyat savaşdır, vuruşdur, mübarizə meydanıdır. Bu meydanda dünyaya baxış fərqli olduğu uçun qalib gəlməyi də bacarmaq lazımdır”.
   Tədbirdə gənc ədiblər yeni şeirlərini oxudular.
   
   Sərgi-yarmarka başa çatdı: fərqlənənlər təltif olundu
   
   Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına sentyabrın 30-da yekun vuruldu. 25 ölkəni təmsil edən çap və poliqrafiya müəssisəsinin, çap işi ilə məşğul olan qurumların təmsilçilərinin iştirak etdiyi sərginin son günündə Təşkilat Komitəsi tərəfindən nəşriyyatlara və yarmarkanın işində fəal iştirak edən təşkilatlara diplomlar təqdim olundu.
   Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və başqaları qeyd etdilər ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biliblər. Bildirildi ki, üç gün ərzində Bakı sakinləri və paytaxtımızın qonaqları ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilmiş kitablarla, çap məhsulları ilə tanış olublar. 
Sonra mükafatlar təqdim olundu.
   “Təhsil” nəşriyyatı ən yaxşı stendə görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı kitaba görə (“Naxçıvan folkloru”, “Azərbaycan folkloru antologiyası”) xüsusi mükafata layiq görüldü.
   Yarmarkanın işində fəal iştirakına görə mətbuat orqanları da mükafatlandırıldı. Təltif olunanlar arasında “Mədəniyyət” qəzeti də var.
   
   * * *
   Beləcə bir kitab bayramı da sona çatdı. Bu, əsl kitab bayramı idi. Hətta yarmarkanın son saatlarında belə insanlar stendlərin qarşısında növbədə idilərsə, gecikənlər ora - bura qaçaraq özlərinə lazım olan ədəbiyyatları axtarırdılarsa, demək bu yarmarka çox gərəkli və lazımlı imiş.
   
   Ceyhun Zərbəliyev,
   Lalə Azəri