Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin nitq, çıxış və müsahibələrinin yer aldığı kitab təqdim olunub
   
   Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində oktyabrın 10-da Milli Kitabxanada “XXI əsrin humanitar çağırışları” kitabının təqdimat mərasimi olub.
   
   Kitabda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin humanitar məsələlərlə bağlı nitqləri, çıxışları, məqalələri, müsahibələri əksini tapıb. Nəşr prezident İlham Əliyevin Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına təbriki ilə açılır. Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak edib.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bir sıra maraqlı layihələr həyata keçirilir. Bu baxımdan Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “XXI əsrin humanitar çağırışları” kitabının təqdimatını xüsusi vurğulamaq lazımdır. Qeyd olunub ki, nəşr AzərTAc və İTAR-TASS-ın sıx əməkdaşlığı sayəsində ərsəyə gəlib.
   Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində işıq üzü görən “XXI əsrin humanitar çağırışları” kitabının əhəmiyyətindən söz açıb: “Kitabda müəlliflər qismində fəaliyyətdə olan iki prezident - İlham Əliyev və Dmitri Medvedev çıxış edir. Onlar hər ikisi bu Beynəlxalq Forumun təşəbbüsçüləri və həmsədrləridir. Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitab ilk növbədə Forumun iştirakçılarına ünvanlanıb. Kitabda yer alan materiallar humanitar problemlərlə bu və ya digər şəkildə bağlıdır. Onlar küll halında ölkələrimizin humanitar siyasətini əks etdirir. Bu kitabın ən əsas təsiri isə ondan ibarətdir ki, bu sahədə bizim siyasətimiz yeni əsrin və yeni minilliyin çağırışlarına uyğun olaraq qurulur”.
   Kitabın Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyi ərəfəsində çapdan çıxdığını deyən R.Mehdiyev bunun rəmzi səciyyə daşıdığını vurğulayıb: “Oxucu bu kitabın səhifələrində müstəqillik dövründə bizim siyasəti əks etdirən, dünya üçün açıq və bütün ölkələrlə əməkdaşlığa hazır olmağımızı təsdiq edən çox məqamlar tapa biləcək”.
   Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narişkin də nəşrin əhəmiyyətindən söz açaraq kitabın iki ölkənin humanitar siyasəti ilə tanışlıq üçün dəyərli mənbə olduğunu deyib: “Rusiya və Azərbaycan prezidentlərinin məqalələrini, nitqlərini və çıxışlarını oxuyub təhlil etdikcə iki liderin xalqlarımızı narahat edən məsələlərə, problemlərə dair mövqelərinin nə dərəcədə yaxın olmasını bir daha görürük. Bunlar elm, təhsil, mədəniyyət sahəsində mühüm məsələlərdir. Kitabda Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar əməkdaşlıq məsələlərinə çox böyük yer ayrılıb”.
   Sonda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu kitabın hazırlanmasında və nəşrində iştirak edənlərin hamısına - Rusiyanın İTAR-TASS informasiya agentliyinin, Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın və “Terra” nəşriyyatının kollektivinə və rəhbərliyinə bir daha təşəkkür edib. Nazir ümid etdiyini bildirib ki, “XXI əsrin humanitar çağırışları” nəşri humanitar əməkdaşlıq məsələləri ilə maraqlananların hamısı üçün stolüstü kitab və Rusiya ilə Azərbaycan arasında əsl dostluq və əməkdaşlığa dəyərli töhfə olacaq.