Oktyabrın 13-də Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Nərimanov Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Samir Xasıyev adına mədəniyyət və istirahət parkında “İyirmi il müstəqillik yollarında” adlı kitab sərgisi və konsert təşkil edib.
   Sərgidə ümummilli lider Heydər Əliyevin siyasi və ictimai fəaliyyətinə aid kitablar, prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam əsasında işıq üzü görmüş klassiklərin əsərləri, mədəniyyət və turizmə aid ədəbiyyat maraqla qarşılanıb.
   Sərgidə rayon sakinlərinin əl işləri də diqqəti cəlb edib. Müğənnilərin ifaları, Nərimanov rayonu ərazisindəki orta məktəblərin, 35 nömrəli və Qara Qarayev adına 8 nömrəli onbirillik uşaq musiqi məktəblərinin ədəbi-bədii kompozisiyası tədbirə rəng qatıb.