Növbəti bayram tədbiri paytaxtın “Sahil” bağında gerçəkləşdi
   
   Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə təşkil edilən “20 il müstəqillik yollarında” adlı daha bir kitab sərgisi oktyabrın 12-də Səbail Rayon İcra Hakimiyyəti və rayonun Mərkəzi Kitabxana Sistemi tərəfindən paytaxtın “Sahil” bağında keçirildi.
   
    Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbiri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq müstəqillik illərində respublikamızın hərtərəfli inkişafından, o cümlədən mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı layihələrdən danışdı, ölkə rəhbərliyinin bu sahəyə daim diqqət göstərdiyini qeyd etdi.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev kitab sərgilərinin ənənəvi hal aldığını bildirdi: «Mədəniyyət və Turizm İdarəsi olaraq hər ilin mayında kitab sərgi-yarmarkası keçiririk. Sonra qərara gəldik ki, bu layihə Bakının 11 rayonunu əhatə etməklə miqyasını genişləndirsin. Bu tədbirlərə şəhər sakinlərinin böyük marağını nəzərə alaraq layihəni hər ilin payızında keçirmək istəyirik. Belə tədbirlər kitabın təbliği, insanların kitaba marağının artırılması ilə yanaşı kitabxana sahəsində yeniliklərin əhaliyə çatdırılmasında da böyük rol oynayır».
   Bayramsayağı rəngbərəng bayraqlar, güllər, şarlarla bəzədilmiş parkda rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanaların stendləri qurulmuşdu. Burada son illərdə müxtəlif mövzularda çap olunan kitablar nümayiş etdirilirdi. Tədbirdə Səbail MKS-nin filiallarının, rayonun orta və ali məktəblərinin kollektivləri, Badamdar qəsəbə Mədəniyyət evi, Səbail rayonu 2 və 3 saylı musiqi məktəblərinin şagirdləri və rayon ictimaiyyəti iştirak edirdi. Kitab sərgisi ilə yanaşı, İncəsənət Gimnaziyasının, Ə.Əzimzadə adına Rəssamlıq Kolleci tələbələrinin, «Bəzək» yaradıcı birliyinin nümayəndələrinin əl işləri nümayiş olundu.
   Tədbirə qatılanlar rəqs kollektivlərinin rəngarəng çıxışları və musiqiçilərin ifalarında gözəl anlar yaşadılar.
   
   L.Azəri