Oktyabrın 14-də Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 
   Musiqisi dahi Üzeyir bəy tərəfindən yazılmış Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Üzeyir Hacıbəylinin ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyəti dövründəki (1918-1920) xidmətlərindən, bəstəkarın «Azərbaycan» qəzetinin redaktoru kimi fəaliyyətindən söhbət açıldı. Qeyd olundu ki, Üzeyir bəyin Azərbaycanın istiqlal tarixində göstərdiyi xidmətlər heç vaxt unudulmayacaq, Xalq Cümhuriyyətinin tarixi varisi olan müstəqil Azərbaycan Respublikası yaşadıqca Üzeyir Hacıbəylinin də sənəti, himnimizdə səslənən möhtəşəm musiqisi yaşayacaqdır.
   Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov qonaqları Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edərək onlara müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyətlərində uğurlar arzuladı. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nəriman Əliyev, Milli Konservatoriyanın müəllimi Yaqut Seyidova və başqaları çıxış edərək gənclərə müstəqilliyimizin qazanılması uğrunda keçilən çətin yoldan danışdılar, dövlətçiliyimizin sarsılmaz, müstəqilliyinin əbədi olacağına inamlarını bildirdilər.
   Sonra söz musiqiyə verildi. Milli Konservatoriyanın 4-cü kurs tələbəsi Ramiq Bayramovun ifasında «Mahur», «Dilkəş» təsnifi, «Segah» təsnifi, «Zəminxarə» səsləndi. Xanəndəni tarda Milli Konservatoriyanın müəllimi İlhamin İsmayılov, kamançada, nağarada, balaban və kanonda isə konservatoriyanın tələbələri - Elvin Novruzov, Vüsal Lətifov, Baxış Bünyadov, Zəminə Babayeva müşayiət edirdilər. Musiqiçilərin çıxışı alqışlarla qarşılandı.
   Tədbirdə iştirak edən millət vəkilləri Tahir Rzayev və Azər Badamov muzeydə keçirdikləri xoş anlara görə xatirə kitabına təşəkkür sözləri yazdılar.
   Sonda iştirakçılar Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş sərgi ilə tanış oldular. Sərgidə Üzeyir Hacıbəylinin 2011-ci ildə nəşr edilmiş «Bayrağımız sarsılmaz», «Azərbaycan Demokratik Respublikası 1918-1920-ci illərdə», Nəsiman Yaqublunun «Bakının qurtuluşu» kitabları və s. nəşrlər təqdim olunur.
   Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi 1975-ci il noyabrın 23-də qapılarını tamaşaçıların üzünə açıb. Muzeyin ilk ziyarətçisi isə ulu öndər Heydər Əliyev olub. Sərgidə Heydər Əliyevin muzeydə olarkən çəkilmiş fotoşəkillərinə də rast gəlmək olar. Burada həmçinin Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə mədəniyyətimizin inkişafına göstərdiyi qayğıdan bəhs edən materiallar da yer alıb.
   Yeri gəlmişkən, musiqisevərləri Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilmiş bu maraqlı sərgi ilə tanış olmağa dəvət edirik.
   
   Gülnarə Ələsgərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya şöbəsinin müdiri