Beynəlxalq konfrans başa çatdı
   
   Oktyabrın 19-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfransa yekun vuruldu. İki gün davam edən konfrans Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə keçirilirdi.
   
   Tədbirin ikinci günü Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun məsləhətçisi Samir Abbasov “Elektron kitabxanalar informasiya resurslarının saxlanılması və informasiya cəmiyyətinin inkişafında əvəzsiz vasitədir” mövzusunda məruzə etdi. Qeyd olundu ki, Azərbaycanda elektron kitabxanaların yaradılması işinə diqqət yetirilir, bu işdə müasir informasiya texnologiyalarından istifadə olunur. Elektron kitabxanaların yaradılmasının mürəkkəb proses olduğunu deyən S.Abbasov kitabxanalar arasında əlaqələrin gücləndirilməsini, kitabxanaların öz resurslarını zənginləşdirməsinin vacibliyini qeyd etdi.
   Sonra “Rusiya kitabxanalarının modernləşdirilməsi və onların sosial innovasiya praktikası: proseslərin sistemli analizi” (məruzəçi Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova), “Kütləvi kitabxanalarda ictimai əhəmiyyət kəsb edən informasiya mərkəzlərinin təşkilinə müasir yanaşmalar” (İrina Makarenko), “Azərbaycanda fəaliyyət göstərən hüquqi informasiya mərkəzlərinin təqdimatı” (Günay Həsənova) və s. mövzularda məruzələr dinlənildi.
   Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletinin, habelə Gəncə, Salyan, Kürdəmir, Lənkəran, Xaçmaz rayon Mərkəzləşmiş Kitabxana Sistemlərinin “Amerika guşələri”nin təqdimatı da keçirildi.
   
   Ceyhun