Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan mərkəz Azərbaycan-Rusiya mədəni əməkdaşlığına xidmət edəcək 
   
   Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.
   
   Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırıb: “Bu hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır”.
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə toplaşanları salamlayaraq, layihənin həyata keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə təşəkkür edib: “Rəmzi haldır ki, Azərbaycan Mədəniyyət Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü bayram edilən günlərdə açılır. Ümid edirəm ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür. Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar, maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər. Mən ürəkdən inanıram ki, qonaqlarımızın sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının üzünə açıq olacaqdır”.
   Leyla Əliyeva kitabxananın foyesində Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı, “Beynəlxalq sülh səfiri” diplomuna layiq görülmüş Əşrəf Heybətovun “Bakı və bakılılar. 30 ildən sonra” adlı sərgisinin açıldığını da nəzərə çatdıraraq moskvalı sənətsevərləri sərgi ilə tanış olmağa dəvət edib.
   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkənin hərtərəfli əməkdaşlığından danışıb, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında MDB ölkələrindən ilk olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını əlamətdar hadisə adlandırıb: “Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcəkdir”.
   Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya səmimi minnətdarlığını bildirib. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzə hədiyyə edib.
   Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya səmimi təşəkkürünü bildirib.
   Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olub, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir avadanlıq, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə tamaşa ediblər.
   Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.