Söz Azadlığını Müdafiə Fondu 2011-ci il Turizm ili çərçivəsində “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin yekunlarına dair dəyirmi masa keçirib. Layihə çərçivəsində SAMF-ın əməkdaşları işğal altında qalan turizm obyektlərinin rəhbəri olmuş şəxslərlə görüşlər keçirib, obyektlərin siyahısı dəqiqləşdirilib, turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq regionun turizm imkanları araşdırılıb, bu illər ərzində dəymiş ziyanın təxmini məbləği iqtisadçıların və inşaat mütəxəssislərinin iştirakı ilə hesablanıb. Tədbirdə Şuşa, Ağdam, eləcə də işğal altında olan digər ərazilərdə qalan turizm obyektlərinin, tarixi, milli-mədəni abidələrin, əsrarəngiz Qarabağ təbiəti barədə məlumatların gənc nəslə, dünya ictimaiyyətinə çatdırılmasında layihənin əhəmiyyəti vurğulanıb.
   Mövzu barədə çıxış edən layihənin rəhbəri Vüqar Tofiqli deyib ki, işğal nəticəsində hər iki rayona 1 milyard 895 milyon manat məbləğində maddi ziyan dəyib.