Xalq rəssamının yubileyinə həsr edilmiş albom-kataloq təqdim olundu
   
   Oktyabrın 22-də Xalq rəssamı Kamil Əliyevin 90 illik yubileyi ilə əlaqədar sənətkarın Fəxri xiyabanda məzarı ziyarət olunaraq, ruhuna dualar oxundu. Daha sonra Kamil Əliyevin Xalça Muzeyində «Kamil Əliyevin xalça dünyası» adlı albom-kataloqun təqdimat mərasimi keçirildi.
   
   Öncə kitabın tərtibatçı-redaktoru, Əməkdar incəsənət xadimi Abdulla Qurbani Kamil Əliyevlə bağlı xatirələrini bölüşərək, kataloq haqqında məlumat verdi: «Kataloqda Kamil Əliyevin portret xalçaları, ornamental xalçaları, eləcə də eskiz və kompozisiyaları, baş yaylıqları öz əksini tapıb. Azərbaycan, rus və ingilis dillərində olan kataloq şəxsi muzeyin ziyarətçiləri üçün hədiyyə kimi nəzərdə tutulub».
   Qeyd olundu ki, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq sənətkarın yubiley tədbirləri Naxçıvan, Quba, Xaçmaz, İsmayıllı və digər xalçaçılıq bölgələrimizdə də keçiriləcək.
   Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə görkəmli sənətkarla bağlı xatirələrindən, onun Azərbaycan xalça sənətinin qorunmasında göstərdiyi xidmətlərdən söz açdı. Qeyd olundu ki, xalçaçı-rəssam çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə dəyərli töhfələr verib.
   Millət vəkili Fəttah Heydərov çıxışında vurğuladı ki, Azərbaycan mədəniyyəti, incəsənəti olduğu yerdə Kamil Əliyev yaradıcılığı hər zaman olacaq: «Azərbaycan bir çox dahilər yetirib. Kamil Əliyev də öz yaradıcılığı ilə özünü həmin sıraya daxil etmiş şəxslərdəndir. Onun yaradıcılığı əbədi qaldıqca, o da yaşayacaq”.
   F.Heydərov sənətkarın əsərlərinin Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin muzey və qalereyalarında nümayiş etdirildiyini, tamaşaçıların rəğbətini qazandığını bildirdi.
   Milli Məclisin deputatı Eldar İbrahimov bildirdi ki, sənətkar yaratdığı xalça-portretlərdə üz cizgiləri, göz rəngi ilə insanın ürəyini göstərməyi bacarıb.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova da çıxış edərək sənətkarla bağlı fikirlərini bölüşdü.
   
   Gülər