Avropa Tərəfdaşlığının Mədəniyyət Konqresində Azərbaycan nümayəndəsi belə bir sənədin hazırlanması təklifi ilə çıxış edib
   
   Xəbər verdiyimiz kimi, oktyabrın 21-23-də Polşanın Lüblin şəhərində Avropa Tərəfdaşlığının Mədəniyyət Konqresi keçirilib. Avropa İttifaqı ilə qurumun Şərq Tərəfdaşlığı Proqramında təmsil olunan ölkələr arasında mədəni əməkdaşlıq məsələlərinə həsr olunmuş tədbirdə ölkəmizdən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Rəssamlar İttifaqının üzvü Səbinə Şıxlinskaya, Bakı Marionet Teatrının direktoru, dizayner Tərlan Qorçu, Milli və Beynəlxalq Tədqiqatlar Müstəqil Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva iştirak ediblər.
   Avropa İttifaqının rəsmiləri, “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldığı konqresin əsas məramlarından biri də Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində mədəniyyətlərin inteqrasiyasına daha böyük diqqətin ayrılmasından ibarət olub.
   Konqresdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli tərəfindən “Şərq Tərəfdaşlığı” proqramının Mədəniyyət Siyasəti Konsepsiyasının hazırlanması təklifi irəli sürülüb. Təklif tədbir iştirakçıları və təşkilatçılar tərəfindən müsbət dəyərləndirilərək qeyd olunub ki, Şərq Tərəfdaşlığının Mədəniyyət Siyasəti Konsepsiyası Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramının iştirakçı ölkələri arasında əməkdaşlığın mədəniyyət siyasəti sahəsində “yol xəritəsi” rolunu oynaya bilər.
   Təkliflə əlaqədar konsepsiya layihəsinin hazırlanması məqsədilə müvafiq işçi qrupun yaradılmasının zəruriliyi vurğulanıb.