Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi
   
   Dekabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin yekunlarına dair kollegiya iclası keçirildi. İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq müzakirə olunacaq məsələləri diqqətə çatdırdı. İclasda Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il üçün hesabatının və 2012-ci ilin birinci yarımilliyi üçün iş planının təsdiq ediləcəyini bildirdi.
   
   Sonra nazir ayrı-ayrı şöbələr üzrə kollegiyada müzakirə ediləcək məsələləri diqqətə çatdırdı. Bu sırada “Turizm ili”nin yekunları, ölkə prezidentinin dövlət orqanlarında elektron xidmətin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli fərmanının icrası, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 2008-2011-ci illər ərzindəki fəaliyyəti, Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ölkə prezidentinin sərəncamına əsasən Şəkinin tarixi-mədəni irsinin qorunması və bərpası barədə məsələlər qeyd olundu. Bundan əlavə, mədəniyyət və turizm müəssisələrinin 2011-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin və tabeliyində olan müəssisələrin fəaliyyəti, cizgi filmləri sahəsində işin yaxşılaşdırılması, 2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı, Muzey Mərkəzinin fəaliyyəti, Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün “Xalq yaradıcılıq paytaxtları” proqramının icrası və s. mövzular müzakirə olunacaq məsələlər sırasında idi.
   Qeyd olundu ki, 2012-ci ilin birinci yarımilliyinin iş planında 68 tədbirin keçirilməsi nəzərdə tutulub. İş planının kollegiya tərəfindən təsdiq edilməsindən sonra nazir 2011-ci ilin yekunlarına dair hesabatla çıxış etdi.
   
   Dinamik inkişaf ili
   
   2011-ci ilin mədəniyyət və turizmdə əsas uğurlarından danışan nazir bu nəticələrin əldə olunmasında ölkə rəhbərliyinin bu sahələrə diqqət və qayğısının başlıca amil olduğunu vurğuladı. Nazir il ərzində mədəniyyətimizin təbliği sahəsində görülən işlərdə Heydər Əliyev Fondunun layihələrinin xüsusi rolunu qeyd etdi: “İlin ən mühüm uğurlarından biri budur ki, 2011-ci il prezident tərəfindən «Turizm ili» elan olundu və bu sahənin inkişafı, infrastrukturun yenilənməsi, yeni turizm obyektlərinin açılması nəticəsində ilin 9 ayı ərzində ölkəmizə gələn turist sayı 14 faiz artıb. Bu, turizmin ölkəmizin iqtisadiyyatı üçün vacibliyini bir daha sübut etdi”.
   
   İncəsənətimizdə qazanılan uğurlar
   
   Hesabatın ayrı-ayrı bölmələrinə keçən nazir incəsənət sahəsində qazanılan nəticələrdən söz açdı. Qeyd olundu ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ölkəmizdə və dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilib. Parisdə UNESCO-nun qərargahında, Moskvada Kreml sarayında, Berlin, Vatikan və Romada Azərbaycan incəsənət ustalarının konsertləri anşlaqla keçib. Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı təşkil edilib. Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Lənkəran şəhərində II “Yeni Teatr” respublika Festivalı gerçəkləşib. Ölkəmiz Venesiya Biennalesində təmsil olunub. Qəbələdə pianoçuların II Beynəlxalq müsabiqəsi və III Beynəlxalq Musiqi Festivalı, “Bakıda batika həftəsi” sərgisi, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı ilin uğurlu tədbirlərindəndir. Beynəlxalq Caz Festivalı ənənəvi olaraq hər il keçirilir və ildən-ilə genişlənir. Bu il Bakıda I Beynəlxalq Kukla Teatrı Festivalı və I Bakı Beynəlxalq Kukla Biennalesi baş tutdu. V Beynəlxalq Rostropoviç Festivalı uğurla gerçəkləşdi.
   Xaricdə keçirilən tədbirlərdən də bəhs edən nazir bu sırada ABŞ-ın Hyuston, Los-Anceles, Santa-Monika, San-Fransisko və Vaşinqton şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyətinin rəngarəng elementlərini özündə birləşdirən mədəniyyət tədbirlərinin keçirildiyini qeyd etdi.
   Almaniyanın Berlin şəhərində Xocalı faciəsinə həsr olunmuş “Müharibə əleyhinə, sülh, dostluq zorakılığa qarşı demokratiya” adlı monumental heykəltəraşlıq kompozisiyasının yaradılması, Serbiyanın paytaxtı Belqradda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışı yaddaqalan hadisələrdəndir.
   Nazir hesabat dövründə Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin yubileylərinin keçirildiyini də diqqətə çatdırdı. Bu il Cabbar Qaryağdıoğlu, Bəhram Mənsurov, Şəmsi Bədəlbəyli, Hüseyn Əliyev, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Sabit Rəhman, Mirzə İbrahimov, Əli Vəliyev, Nəsir İmanquliyev, Oqtay Sadıqzadə və digər görkəmli şəxsiyyətlərin yubiley tədbirləri keçirilib. Həmçinin “Azərbaycan Dövlət Rəqs Ansamblının” 40, “Qaya” Dövlət Ansamblının 50 illik yubileyləri qeyd olunub.
   
   Mədəniyyət siyasətində zəngin nailiyyətlər
   
   Hesabat dövründə nazirlik tərəfindən muzey işi, mədəniyyət-istirahət parkları, klub işi, qeyri-maddi mədəni irs, o cümlədən aşıq sənəti, xalq yaradıcılığı və kulinariya mədəniyyəti sahəsində bir sıra tədbirlər də həyata keçirilib. Sloveniyanın Novo-Qoritsa şəhərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin yaradılması, M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar geniş tədbirlərin hazırlanması və görkəmli dramaturqun Şəki şəhərindəki ev-muzeyində əsaslı təmir işlərinin başlanması, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən «Azərbaycan dünən və bu gün» adlı tədbir çərçivəsində Parisdə UNESCO-nun iqamətgahında SSRİ Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət və Azərbaycan xalça sənətinə həsr edilmiş sərginin təşkili ilin mühüm tədbirlərindəndir: “Bu il ilk dəfə olaraq Avstriyanın paytaxtı Vyanada “Azərbaycan: nar məkanı” adlı tədbir keçirildi. Tədbir yüzlərlə insanın diqqətini cəlb etdi ki, bu da ölkəmizin tanıdılması baxımından olduqca vacib idi. Gələcəkdə belə proqramları müxtəlif ölkələrdə davam etdirmək niyyətindəyik».
   Nazir hesabat dövründə “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində görülən işlərdən, “Azərbaycan doğma diyar” devizi altında keçirilən Milli Azlıqların İncəsənəti III Respublika Festivalından söz açdı. Heydər Əliyev Sarayında Aşıq Ələsgərin 190 illik yubileyinin keçirilməsini əlamətdar hadisələr sırasında qeyd etdi. Lənkəran və İsmayıllıda “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsi isə növbəti ildə mədəniyyət sahəsində görüləcək əsas işlərdən olacaq.
   
   Kitabxanalar vahid informasiya sahəsinə daxil olur
   
   “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasına toxunan nazir Yevlax şəhər, Xocavənd, Ağdam, Goranboy, Zəngilan, Göygöl, Xızı, Kəlbəcər, Şabran, Laçın rayon MKS-lərinin veb-saytlarının yaradıldığını, Tovuz, Quba, Salyan, Şabran, Kürdəmir, Neftçala rayon MKS-lərinin elektron kataloqunun oxucuların istifadəsinə verildiyini bildirdi. Bundan başqa Gürcüstanın, Rusiyanın mərkəzi kitabxanaları ilə proqramlar həyata keçirilir. Silsilə şəkildə kitab bayramları təşkil olunur. Hazırda Turizm İnstitutunun və Zaqatala rayon Mərkəzi kitabxanalarının informasiyalaşdırılması sahəsində hazırlıq işləri aparılır.
   Bu il Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə respublikanın bütün şəhər və rayonlarında IV Ümumrespublika Kitab Bayramı keçirilib. Kitabxana rəhbərləri üçün kurslar təşkil olunur: “Məqsəd odur ki, bizim kitabxanalarımız müasir tələblərə cavab versin və elektron vasitələrlə bütün dünyaya açıq bir məkan olsunlar. Gələn ildən nazirlik strukturuna daxil olan bütün kitabxanaların vahid informasiya məkanına daxil olmalarını təmin edəcəyik».
   
   Kinomuzun beynəlxalq uğurları

   
   Əbülfəs Qarayev 2011-ci ildə kinematoqrafiya sahəsində də bir sıra mühüm işlər görüldüyünü bildirdi. «Nizami» kinoteatrının əsaslı təmir-bərpadan sonra açılışı və bu müəssisənin Kino Mərkəzinə çevrilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb: “Bu il kino sahəsində böyük nailiyyətlərimiz oldu. Çoxlu mükafatlar almaqla yanaşı, yeni filmlər çəkdik. Bu sahədə beynəlxalq əlaqələr də genişləndi. Türkiyə və Rusiya ilə birlikdə iki film lentə alındı. Digər ölkələrlə də müştərək əlaqələrimiz davam edəcək. Filmlərimiz beynəlxalq müsabiqələrdə çox böyük nailiyyətlər əldə ediblər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sahə” bədii filmində baş qəhrəmanın uşaqlığı rolunda çəkilmiş Timur Oduşev ABŞ-ın Los-Anceles şəhərində ”The Young Artist Foundation” tərəfindən keçirilmiş 32-ci “Gənc Hollivud Ulduzları” müsabiqəsinin qalibi elan edildi və mükafata layiq görüldü”.
   Bu il 64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olundu. Festival qonaqlarının iştirakı ilə “Filmland of Azerbaijan” multimedia kino bələdçisi, milli kinomuzun tarixinə həsr edilmiş “Dövlət Film Fondu təqdim edir” sənədli filmi, “Aktrisa” və “Sahə” bədii filmləri nümayiş olundu.
   İl ərzində dövlət sifarişi ilə istehsal olunmuş bir neçə bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib. Gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər Fransa, Çexiya, Danimarka, ABŞ, Rusiya, Ukrayna, Latviya, Moldova, Bolqarıstan, Makedoniya, Hindistan, Gürcüstan, Tatarıstan, Almaniya, Türkiyə, Estoniya, Özbəkistan və İranda keçirilən 25-dən artıq beynəlxalq kinofestivalda nümayiş olunub.
   
   Mədəni irsimiz qorunur

   
   Mədəni irs tarixinə toxunan nazir əvvəlcə tarixi Xınalıq kəndində görülən işlərdən danışdı. Sonra mədəni irs sahəsində hazırlanan proqramlardan söz açdı: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “2012-2015-ci illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı” hazırlandı. Məqsədimiz abidələrimizi bərpa edib gələn qonaqları və öz sakinlərimizi o abidələrə baxmağa dəvət etməkdir. Bu yaxınlarda cənab prezidentin iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda inşa olunan muzeyin açılışı keçirildi”.
   Bərpa olunan abidələrdən danışan nazir bildirdi ki, “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına uyğun olaraq rayonda tarix və mədəniyyət abidələrinin qorunması və saxlanılması, eyni zamanda turizm infrastrukturunun inkişafı məqsədilə tədbirlər planı hazırlanıb. Cari ildə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun “Yanar dağ” abidəsi ilə birlikdə, Naxçıvanda Yusif Küseyir oğlu, Möminə Xatun, Gülüstan türbələrinin və Qarabağlar Tarix Memarlıq Kompleksinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılıb.
   Qoruqlarla bağlı görülən işlərdən də danışan nazir bildirdi ki, onların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi və yeni xəritələrin hazırlanması üçün nazirlik tərəfindən xüsusi vəsait ayrılıb və Qobustan, Keşikçidağ, Xınalıq, Qala, Kiş, Qəbələ, Çıraqqala, Basqal, Lahıc qoruqlarının xəritələri hazırlanıb. Gürcüstan-Azərbaycan dövlət sərhədində yerləşən Sınıq körpünün (Qırmızı körpü) bərpası ilə bağlı müvafiq bərpa və konservasiya layihələrinin hazırlanması məqsədilə müştərək qrup yaradılıb.
   
   Nəşriyyat, reklamın təşkili və informasiya işi
   
   Cari ildə nəşriyyat, reklamın təşkili və informasiya sahəsində görülən işlərdən danışan nazir sentyabrda keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bu sahədə ən böyük hadisə olduğunu bildirdi. Bundan başqa nəşriyyatlarla çox ciddi işbirliyi qurulub: «Biz bütün nəşriyyatları sərgilərə cəlb edirik və onların da kitabları yavaş-yavaş dünyaya yayılır. Minsk, Əbu-Dabi, London, Frankfurt, İstanbul şəhərlərində keçirilən sərgilərdə bizim kitablarımız təqdim olunub. Mükafat alan nəşrlərimiz var. Bu onu göstərir ki, Azərbaycanda bu sahədə işlərin görülməsi böyük əhəmiyyət kəsb edir».
   Hesabat dövründə nazirliyin dəstəyi ilə bir sıra nəşrlər işıq üzü görüb: «Cari ildə nazirlik tərəfindən 40-a yaxın nəşr layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 50 illik yubileyi münasibətilə nazirlik tərəfindən nəfis tərtibatla nəşr olunan “Vətənin İlhamı. Ömürdən reportaj” adlı kitab da ilin ən uğurlu nəşrlərindən biridir. Müstəqilliyin 20 illiyinə həsr olunmuş “Vətənə sevgi çələngi” kitabı maraqlı nəşrlərdəndir. 2011-ci il üçün “Qızıl Kəlmə” Ədəbi Mükafatı müsabiqəsinə yekun vurulub. Eyni zamanda hesabat dövründə Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin yubileyləri ilə bağlı bir sıra tədbirlər və təqdimat mərasimləri keçirilib».
   
   Elm və təhsil sahəsində nailiyyətlər
   
   Elm və təhsil sahəsində görülən işlərə də toxunan nazir, əvvəlcə 2011-ci il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”na əsasən görülən işlərdən danışdı. Qeyd olundu ki, il ərzində yeniyetmə istedadlarımız beynəlxalq müsabiqələrdə iştirak ediblər. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllim və şagirdləri Türkiyənin İstanbul və Ədirnə, Rusiya Federasiyasının Moskva və Omsk, Estoniyanın Rakvere, Çexiyanın Lidise, Macarıstanın Balatonfüred, Litvanın Vilnüs, Avstriyanın Vyana şəhərlərində keçirilmiş tədbir və müsabiqələrdə böyük uğurlar qazanıblar. Bu il həmçinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi, Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi, uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı respublika müsabiqəsi keçirilib. Nazir uşaq simfonik orkestrinin fəaliyyətinin gücləndirilməsinə də böyük ehtiyac olduğunu bildirdi.
   
   Beynəlxalq əlaqələr və mədəniyyət proqramları genişləndirilir
   
   Nazir bildirdi ki, 2011-ci il ərzində ölkəmiz üçün ən yaddaqalan beynəlxalq mədəni hadisə məhz ölkə prezidentinin təşəbbüsü və himayəsi ilə aprel ayının 7-dən 9-dək Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu olub: «Bu, dünyada yeganə beynəlxalq tədbirdir ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu beynəlxalq qurumlar onun təşkilində həm əməkdaşlıq edir, həm də Azərbaycanın tərəfdaşı kimi çıxış edir. Forumda 102 ölkənin nümayəndələri, 10-dan çox beynəlxalq qurumun rəhbər şəxsləri, 20-yə yaxın nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının təmsilçiləri, ümumilikdə bütün qitələrdən olan 500-ə yaxın xarici nümayəndə iştirak etdi. Forumun iki ildən bir Bakıda keçirilməsi və əlaqələndirici qurum kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən edilməsi barədə cənab prezidentin sərəncamı ölkəmizin bu sahədə qlobal mərkəzə çevrilməsinə daha da böyük imkanlar açır».
   Əbülfəs Qarayev hesabat dövründə Azərbaycan mədəniyyəti və turizminin beynəlxalq aləmdə təbliğinin genişləndirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində digər mühüm layihələrin də həyata keçirildiyini diqqətə çatdıraraq, bu sahədə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun keçirdiyi tədbirlərin önəmini vurğuladı, nazirliyin bundan sonra da Fondla birgə işləyəcəyini dedi.
   
   * * *
    İclasda digər şöbələrin fəaliyyətindən də danışıldı. İnvestisiya və texniki proqramlar sahəsində görülən işlərdən söz açan nazir bildirdi ki, cari ildə mədəniyyət və turizm obyektlərinin tikintisi, təmir-bərpası və yenidən qurulması ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilib. Dövlət Akademik Milli Dram Teatrının binasında əlavə təmir-yenidənqurma işləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyinin keçid korpusunda tikinti, ”Şahdağ” Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə tikinti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında yenidənqurma və s. işlər davam etdirilib.
   Regionlarla iş sahəsində görülən işlər də zəngin olub. İl ərzində bölgələrdə folklor kollektivlərinin respublika baxış-müsabiqəsi, milli musiqi alətləri ifaçılarının V respublika müsabiqəsi, rəssamların səyyar yaradıcılıq emalatxanası, bədii-özfəaliyyət kollektivlərinin çıxışları və s. tədbirlər keçirilib.
   Mədəniyyət və turizm sahəsində dövlət kadr siyasətinin həyata keçirilməsi istiqamətində kadrlar şöbəsi tərəfindən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları»nın və bu məsələyə aid digər normativ-hüquqi aktların icrası ilə bağlı zəruri işlər görülüb.
   Hesabatda Maliyyə-iqtisadiyyat, Analitik təhlil və proqram təminatı şöbələrinin fəaliyyətindən də söz açıldı.
   Nazirliyin kütləvi informasiya vasitələri ilə əməkdaşlığından danışan Əbülfəs Qarayev “Mədəniyyət” qəzetinin fəaliyyətini xüsusi qeyd etdi.
   
   * * *
   Dekabrın 28-də axşam Dövlət Mahnı Teatrında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi bayram tədbiri keçirdi.
   
   Mehparə