Milli Kitabxanada anım tədbiri keçirildi
   
   Yanvarın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar - şəhidlik zirvəsi” adlı kitab sərgisinin açılışı və Vahid Məhərrəmovun “Qanlı gecə - Qanlı tarix” kitabının təqdimat mərasimi keçirildi.
   
   20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. 1990-cı ilin yanvar hadisələrinin xalqımızın yaddaşından silinməyəcək bir tarix olduğunu qeyd edən natiq bildirdi ki, bu tarix Azərbaycanın azadlıq uğrunda mübarizəsinin dönüş nöqtəsi oldu. Baş verən hadisələr faciə olsa da, bu mübarizə tariximizin bir mərhələsidir.
   Direktor qeyd etdi ki, Milli Kitabxanada hər il ənənəvi olaraq 20 Yanvar faciəsinə həsr olunmuş yeni kitablardan ibarət sərgi təşkil olunur. “20 Yanvar - şəhidlik zirvəsi” adlı budəfəki sərgidə yeni nəşrlər yer alıb: “Müsbət haldır ki, bu mövzuda yeni kitablar nəşr olunur, tarixin müxtəlif məqamları işıqlandırılır. Təqdimatını keçirdiyimiz Vahid Məhərrəmovun “Qanlı gecə - Qanlı tarix” kitabı da bu qəbildəndir”.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova çıxışında 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmasından, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktından danışdı. Bu hadisənin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu dedi: “Bu gün bütün kitabxanalarda 20 Yanvar faciəsinə həsr olunmuş guşələr yaradılır, sərgilər təşkil olunur. Kitabxanaların saytlarında şəhidlərimiz barədə geniş məlumatlar yerləşdirilir. Bu mövzu hər zaman diqqət mərkəzində olmalı, milli qəhrəmanların, şəhidlərin Vətən uğrunda mübarizəsi bugünkü nəslə təbliğ olunmalıdır”.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli 20 Yanvarın həm kədər, həm də iftixar günü olduğunu dedi: “Həmin gün şəhid olanlar sübut etdilər ki, Vətən uğrunda ölmək şərəfli işdir. Həmin tarixi nə qədər ümumiləşdirsək də, bu hadisələrə hər baxışda fərqli məqamlar ortaya çıxır. Bu gün həm də yeni bir kitabın təqdimatına toplaşmışıq. Bu bir daha göstərir ki, hadisədən 22 il keçsə də, bu gün qələm adamları mövzuya biganə deyillər”.
   “Qanlı gecə - Qanlı tarix” kitabının müəllifi Vahid Məhərrəmov kitabının ərsəyə gəlməsindən, Azərbaycan xalqının başına gələn müsibətlərdən danışdı.
   Sonda tədbir iştirakçıları “20 Yanvar - şəhidlik zirvəsi” adlı geniş kitab sərgisi və o günlərin dəhşətini özündə əks etdirən fotosərgi ilə tanış oldular.
   
   Ceyhun