Yanvarın 24-də Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərin Əməkdaşlıq Alyansı “Azərbaycanda “Evrovision 2012”: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda dəyirmi masa təşkil etdi. Milli Məclis üzvlərinin, QHT təmsilçilərinin və “Eurovision 2011” mahnı müsabiqəsinin qaliblərinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
   
   Tədbiri QHT-lərin Əməkdaşlıq Alyansının əlaqələndiricisi Rufiz Qonaqov açaraq işçi qrupunun gördüyü işlər haqqında məlumat verdi. İşçi qrupunun rəhbəri İradə Yaqubova, “Eurovision - 2012” mahnı müsabiqəsinin işçi qrupunun üzvi Tahir Məmmədov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycanın dünya miqyaslı mötəbər bir yarışmaya ev sahibliyi etməsi vətəndaş cəmiyyətinin məsuliyyətini də artırıb. Qeyd olundu ki, “Eurovision” mahnı müsabiqəsində iştirak ölkələrin kütləvi mədəniyyət sahəsində imicini və nüfuzunu formalaşdırır. Azərbaycanda müsabiqənin keçirilməsinə hazırlıq 2011-ci ilin may ayından başlanılıb. Ölkə prezidentinin sərəncamı ilə təşkilat komitəsi yaradılaraq hazırlıq işlərinə start verilib. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir.
   Müsabiqənin ölkəmiz üçün önəmini nəzərə alaraq qeyri-hökumət təşkilatları da bu işə öz töhfələrini vermək istəyirlər. 26 qeyri-hökumət təşkilatının birləşdiyi QHT Əməkdaşlıq Alyansı müsabiqəyə hazırlıq mərhələsində Təşkilat Komitəsinə dəstək olaraq öz bacarıqları, təcrübələri və potensialı ilə bu prosesdə yaxından iştirak etmək niyyətindədir.
   Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Eurovision” mahnı müsabiqəsi ilə bağlı mövzunun qrant müsabiqəsinə salınması da bu hazırlığın əsas elementlərindədir. Maliyyələşdirilən layihələrlə müxtəlif tədbirlər reallaşdırılacaq ki, bu da ictimai sektorun belə bir mühüm yarışmaya əhəmiyyət verməsini göstərir. Eyni zamanda, müsabiqədənkənar müəyyən işlər də görülməlidir. Vətəndaş cəmiyyəti bu yöndə bütün imkanlarını səfərbər etməlidir. İlk növbədə ölkəmizin bütün müsbət cəhətlərinin təbliği əsas hədəflərdən olmalıdır.
   Dəyirmi masada iştirak edən dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, müsabiqənin qalibləri Nigar Camal və Eldar Qasımov, QHT və media təmsilçiləri çıxış edərək müsabiqənin keçirildiyi müddətdə vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələrdən danışdılar. Bildirildi ki, ictimai maarifləndirmə, müxtəlif xidmət sahələrində çalışanların məlumatlandırılması, mədəni-tarixi faktlarla bağlı internet-aksiyaların təşkili, turizm potensialı ilə bağlı sərgilərin keçirilməsi, Qarabağ həqiqətlərinin yayılması və s. kimi mövzular ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
   
   Lalə Azəri