“Eurovision-2012” müsabiqəsinin rəsmi saytı təqdim olundu
   
   Yanvarın 26-da Bakı Biznes Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirildi. 
   Konfransda “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, “eurovision.tv”nin direktoru Yorqan Frank, “Eurovision-2012” mahnı müsabiqəsi işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak edirdilər.
   Mərkəzin foyesində Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin müsabiqə ilə bağlı əl işlərindən ibarət sərgi nümayiş olunurdu.
   Tədbirdə ilk olaraq mətbuat nümayəndələrinə Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı video çarx nümayiş etdirildi. Həmçinin eurovision.az saytının təqdimatı oldu.
   Mətbuat konfransında iştirak edən “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu bildirdi. O, Azərbaycanın mahnı yarışmasında qalib gəldikdən dərhal sonra yeni müsabiqəyə hazırlıqlara başladığını yüksək qiymətləndirdi. Müsabiqə ilə bağlı görüləcək işlərin çoxluğunu, Bakının gözəl, müasir şəhər olduğu üçün bütün işlərin öhdəsindən gələcəyinə inandığını qeyd etdi.
   “Eurovision”un təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker yanvarın 25-də müsabiqənin rəmzi açarının Bakı şəhərinə təqdim olunması ilə bağlı mərasimin fantastik olduğunu dedi. Azərbaycana müsabiqəyə ev sahibliyində uğurlar arzuladı.
   “Eurovision.tv”nin rəhbəri Yorqan Frank müsabiqənin tele-şou deyil, böyük layihə olduğunu bildirdi. Bu işdə ev sahibinin üzərinə düşən məsuliyyətdən danışdı.
   “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli bu gündən sonra Təşkilat Komitəsi və İşçi Qrupunun intensiv olaraq hazırlıqları həyata keçirəcəyini bildirdi.
   Daha sonra nümayəndələr təhlükəsizlik məsələləri, biletlərin qiymətinin münasib olması, Bakıya gələcək qonaqların yerləşdirilməsi və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırdılar.
   
   Reyhan