Mədəniyyət və Turizm Nazirliyinin Zaqatalada zona müşavirəsi
   
   2 mart 2012-ci il. Səhər saat 9.50. Hələ müşavirəyə 2 saatdan bir qədər çox vaxt qalır və deməli, reportajımızın rəsmi hissəsinədək bu ekzotik-fantastik şəhəri bir xeyli gəzib-dolaşmaq, publisistik qeydlər də aparmaq olar...
   
   Bir çox kitablardan, bədii və sənədli telefilmlərdən bizə yaxşı tanış olan bu şəhər öz təbii füsunkarlığı, abadlığı, sakinlərinin əzəli-əbədi dağ vüqarı və növbəti Novruz ərəfəsi hərarətilə yenə diqqəti cəlb etmədə...
   Yer üzünün istənilən eko-inci guşəsi, insanlarının sivil-müasirliyi, ayıq-sayıqlığı və sair sarıdan dünyanın hər hansı paytaxtının mini-misli təsiri bağışlayan bu şəhəri heç nə ilə təəccübləndirmək mümkün olmasa da, bu gün zaqatalalıları hərəkətli, dinamik bir əhvalda görürəm. Görünür, bu da rayona çoxsaylı qonaqların təşrif buyurması ilə bağlıdır: mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, aparıcı məsləhətçisi Oqtay Muxtarov və başqaları. Həmişə yaraşıqlı küçə və parklarında, muzey və digər maddi-mədəniyyət obyektlərində xarici qonaq və turistlər görməyə adət etmiş yerlilər ətraf həmvətənlərini - Balakən, Şəki, İsmayıllı, Qəbələ, Göyçay, Qax, Oğuz, Ağsu, Şamaxı, Qobustan rayonlarından gəlmiş mədəniyyət və turizm şöbələri işçilərini də isti nəzər-güzarla qarşılayırlar.
   Ümummilli liderin adını daşıyan böyük və yaraşıqlı park, abidəsinin həndəvəri daha da qələbəlikdir. Bu ərazidə yerlilərlə çoxsaylı qonaqların təbii alınan izdihamlı birliyi bir çalğısız məhəbbət kapellası təsiri bağışlayır. Bir azdan - rayonun bir neçə tarixi abidəsinə və müşavirədə müzakirə ediləsi mədəniyyət obyektlərinə baş çəkib qayıtmış Vaqif Əliyev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və onları müşayiət edənlər də burada görünürlər. Onlar ulu öndərin abidəsi önünə tər çiçək və əklillər qoyur, xatirəsinə ehtiramlarını bildirirlər.
   Saat 11.50. Zaqatala Rayon Mədəniyyət Evinin ən müasir texniki-kommunikasiya vasitələrilə təchiz edilmiş geniş, yaraşıqlı salonu. Səhnədəki elektron-lövhədə tədbirin adı işıqlandırılır: Mədəniyyət və Turizm Nazirliyinin şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) 2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş zona müşavirəsi.
   Saat 12.00. Səhnəyə daxil olan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rəyasət stolu arxasına keçirlər. İcra başçısı M.Əhmədzadə diqqət çəkən xoş əhvali-ruhiyyə və ev yiyəsi rəğbətilə tədbir iştirakçılarını salamlayır, səmimi ifadələrlə nazirlik rəsmilərinə və bölgənin mədəniyyət sahəsi görəvlilərinə “xoşgəldiniz” söyləyib, müşavirəyə uğurlar diləyir. Bu tədbir üçün məhz bu rayonun - zəngin tarixi və müasir mədəniyyət elementlərinə, habelə potensial turizm gələnəklərinə malik olan Zaqatalanın seçilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinin ünvanına rayon ictimaiyyəti adından minnətdarlıq bildirən M.Əhmədzadə yığıncağı açıq elan edir, sözü mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verir.
   Yığıncaq iştirakçılarını - səhər erkəndən rayon mərkəzində qarşılaşdığı səmimi qonaqpərvərlik, işgüzar atmosfer, gözəl arxitektur-erqonomik və canlı insan mədəniyyəti təəssüratları altında ürəkdən salamlayan Vaqif Əliyev bütün bunların, əzəmətli abidəsini indicə ziyarət edib gəldikləri ümummilli lider Heydər Əliyevin “Vətən və ucqar” ideyalarının bariz təcəssümü olduğunu vurğulayır. Natiq qeyd edir ki, belə bir xoş təəssüratdan sonra istənilən problemi müzakirə edib çıxış yolu tapmaq olar - onda qala son illər cənab Prezidentimizin göstəriş və qayğıları, hörmətli nazirin səyləri nəticəsində sürətli inkişaf relsinə düşmüş mədəniyyət və turizm məsələlərini: “Mədəni irsini qoruyan xalq özünü qorumuş olur”.
   Qısa giriş nitqində böyük mədəniyyət və turizm aləmimizin hər nöqtəsinə toxunmağa çalışan natiq əsas diqqəti bu sahənin perspektiv-strateji gələnəklərinə yönəldir. Bildirir ki, əgər ölkə Prezidentinin yaxın keçmişdə imzaladığı qərar və sərəncamlar daha çox hər konkret dövrün cari məsələlərini ehtiva edirdisə, son sənədlər qarşıdakı uzun illəri hədəfləyir: “Artıq biz mədəniyyət işçiləri 2020-ci və daha irəli illərin mədəniyyət və turizm işləri üstdə köklənmişik”.
   Çağdaş Azərbaycan siyasəti və mədəniyyətinin müasir reputativ-aktiv durumunun qloballaşan dünyada yeri məsələsinə də toxunan natiq belə bir faktı da xatırladır ki, bu yaxınlarda Azərbaycan muzeylərində 400-dən çox fransız incəsənəti şedevrləri sərgilənəcək: “Hansı ki, bu əsərlərin bir çoxu bu günədək Fransadan kənara çıxarılmayıb və bu, Azərbaycandakı stabilliyə, habelə Azərbaycanın yüksək zövqünə bir dəyərdir!”
   Ölkəmizlə dünyanın əksər ölkələri arasındakı intensiv mədəni əlaqələr, qarşılıqlı “Mədəniyyət günləri”, dünya çaplı festivallar, maddi və qeyri-maddi mədəniyyət abidələrinin UNESCO siyahılarına salınması faktlarını da vurğulayan Vaqif Əliyev müşavirəyə bir daha uğurlar arzulayır və sözü Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərliyə verir.
   P.İsgəndərli öz çıxış-hesabatına ayrı-ayrı bölgələr üzrə keçirilən bu formatlı müşavirələrin mədəniyyət və turizm idarələrinin, şöbələrinin fəaliyyətinə mühüm təsirindən başlayır. Bildirir ki, bu məzmun-mövzulu tədbirlər təkcə bölgəvi məsələ-mətləblərin deyil, həm də mədəniyyət və turizm işi ilə bağlı ümumrespublika strategiyasının formalaşdırılmasına da xidmət edir: “Bugünkü yığıncaq şəhər, rayon mədəniyyət və turizm şöbələrinin, qoruq, muzey və MKS-lərin rəhbər işçilərini birləşdirir və sizin nümayəndələrinizin çıxışları sizə - bir-birinizlə, ötənilki uğurlarınız, yeni təklif, təşəbbüslərlə tanışlıq imkanı yaradacaq, qarşıdakı daha səmərəli fəaliyyət proqramına səsləyəcək”.
   Sektor müdiri rayon mədəniyyət və turizm şöbələrinin ötənilki uğurları ilə yanaşı, bəzi nöqsanların da olduğunu bildirir. Natiq vurğulayır ki, problemlərin aradan qaldırılması üçün rayon mədəniyyət və turizm şöbələri ölkə Prezidentinin qərar və göstərişlərinə, nazirliyin tövsiyə və direktiv sənədlərinə daha ciddi istinad etməlidirlər.
   Sonra söz rayon şöbələrinin rəhbərlərinə verilir. Vaqif Əliyevin elə ilk dəqiqələrdən yaratdığı demokratik ab-havadan yararlanan şöbə müdirləri öz çıxışlarında canlı sorğu-polemikaya da meyillənirlər. Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Səfər Ramazanov ötən uğurlardan daha çox, qarşıda duran problemlərdən danışır, bir sıra yeni təkliflər irəli sürür və bütün bunları komplektləşdirib nazirliyə təqdim edəcəyini bildirir.
   Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova 5 dəqiqəlik canlı və səlis nitqində başçılıq etdiyi şöbənin ötənilki fəaliyyəti haqda müfəssəl məlumat verir, qarşıdakı fəaliyyət planlarının aydın mənzərəsini yaradır. Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov da ötən il görülən işlər, əldə olunan nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verdilər. Natiqlər folklor beşiklərindən olan İsmayıllıdan, dünyaya əbədi gözəllik və təbii dad rəmz-“brend”i olan nar bəxş etmiş Göyçayda keçirilən müxtəlif tədbirlərdən danışdılar, qarşıda duran məsələlərdən bəhs etdilər.
   Üç saata yaxın çıxış və müzakirələrdən sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müşavirəyə yekun vurdu.
   
   Tahir Abbaslı