Bakıda reklam və marketinq mövzusunda beynəlxalq konfrans keçirilir
   
   Martın 29-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə “Hilton” hotelində “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktiki konfransı işə başladı. Tədbirdə azərbaycanlı alimlər və reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Britaniya, İsveç, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası və s. ölkələrdən reklam sahəsində tanınmış alim və mütəxəssislər iştirak edirlər.
   
   Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Konfransdan öncə reklam və dizayn məhsullarından ibarət sərginin açılışı oldu. İştirakçılar sərgidə dünya reklam kreativlərindən nümunələr, yerli turizm şirkətləri tərəfindən hazırlanmış müasir reklam məhsulları, tarixi irs və şəhər mədəniyyəti görüntüləri, Bakı-Abşeron turizm sektorunun reklam və dizayner mühitinin elmi-layihə konsepsiyası ilə tanış oldular.
   Bundan əlavə, tədbir çərçivəsində milli reklam elementləri əks olunmuş məhsulların satış sərgisi təşkil olunmuşdu. Konfransın gedişində tanıtım çarxları da nümayiş olunurdu.
   
   Azərbaycan dünya reklam məkanında öz sözünü deyir
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda geniş nitqlə çıxış etdi. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış reklam mütəxəssislərinin, alimlərin iştirakını yüksək qiymətləndirdi: “Ölkəmizdə ilk dəfə olaraq bu mövzuda keçirilən konfransda reklamın elmi-nəzəri və təcrübi məsələləri müzakirə mövzusudur. Bu tədbirə ev sahibliyi etməklə Azərbaycan artıq dünya reklam məkanında öz sözünü deyir. Bu gün ölkəmiz dünya məkanında öz təbliğatı ilə, öz reklamı ilə layiqli yer tutur. İstər ölkə daxilində, istər xaricdə Azərbaycanın müasir imicinin formalaşdırılması məsələsi olduqca labüd və vacibdir. Reklam bizə ölkəmizin tanınmasına, təbliğinə yeni imkanlar yaradırsa, deməli, reklamın düzgün qurulması, düzgün yerləşdirilməsi, ondan doğru istifadə kimi aktual məsələlər barədə düşünmək lazımdır”.
   
   Tarixi adlardan düzgün istifadə olunmalıdır
   
   Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi reklam işinin düzgün istiqamətləndirilməsinə, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi əhəmiyyət verir. Qeyd olundu ki, ölkəmizdə reklam işinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində xüsusi proqram hazırlanıb. Nazirlik tərəfindən “Azərbaycan xalqının tarixi-mədəni sərvəti sayılan adların siyahısı” və “Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları” tərtib olunub: “Sənaye, qida və digər məhsullara tarixi adların verilməsinin qeydiyyatı keçirilir. Çünki istehsal olunan hər hansı bir içkiyə "Yeddi gözəl" və yaxud bir ədəbi əsərin, onun qəhrəmanının adının verilməsinə nəzarət edilməlidir. Eyni zamanda reklamçılar və istehsalçılar tərəfindən tarixi adlardan düzgün istifadə olunmalıdır”.
   Nazir dünyanın nüfuzlu telekanallarında Azərbaycanla bağlı reklam çarxlarının yayımlandığını da nəzərə çatdırdı: “Hamımız gördük ki, bizim reklamlardan sonra Azərbaycanın turizm saytlarına daxil olan insanların sayı nə qədər artıb. Bəs, müasir reklamlar Azərbaycanın görkəmini nə dərəcədə dolğun əks etdirir? Bu suala cavabı nəzəriyyə baxımından alimlər verməlidirlər. Ümumiyyətlə, bütün bunlar hamısı çox ciddi elmi yanaşma tələb edir. Bu baxımdan ölkəmizdə belə bir konfransın keçirilməsi olduqca əhəmiyyətlidir. Biz reklam işinin mədəniyyətini formalaşdırmalıyıq”.
   
   Ölkəmizin tanıdılmasına böyük töhfə
   
   Son illər Azərbaycana gələn əcnəbi qonaqların sayının təxminən 15 faizə qədər artdığını deyən nazir bildirdi ki, ölkəmiz hər il 25-30 turizm sərgisində iştirak edir, 7-10 beynəlxalq kitab sərgisinə qatılır. Azərbaycanın potensialı, turizmi, mədəniyyəti, incəsənəti təbliğ olunur. Nazir vurğuladı ki, dünyanın Azərbaycana diqqət və marağının artması effektli reklam kampaniyalarından daha ziyadə ölkəmizdə aparılan böyük islahatların, həyata keçirilən nəhəng layihələrin nəticəsidir.
   Nazir ölkəmizin dünyada tanıdılması, yüksək imicinin formalaşmasında Heydər Əliyev Fondunun müstəsna fəaliyyətini xüsusi qeyd etdi: “Fond tərəfindən Azərbaycanın təbliği istiqamətində böyük işlər görülür. Çoxsaylı nəfis nəşrlər hazırlanır, sərgilər, festivallar təşkil olunur. Bütün bunların hamısı Azərbaycanın reklamıdır. Odur ki, biz reklam dedikdə həm də Azərbaycanın mədəniyyəti, turizm potensialı, sənayesi, təbiəti, tarixi irsinin təbliğindən söz açırıq. Son illər beynəlxalq tədbirlərdə ölkəmizin təbliği ilə yanaşı, bu sahədə müxtəlif layihələr də uğurla həyata keçirilir. Məsələn, Qobustan və İçərişəhər Azərbaycan xalqına məxsus olmaqla həm də bəşəriyyətin inciləri kimi dünya tərəfindən mühafizə olunur. Deməli, əgər UNESCO-nun siyahısında Qobustan varsa, İçərişəhər varsa, bu inciləri qorumaq, gələcək nəsillərə çatdırmaq bəşəriyyətin də diqqətindədir. Bu gün İçərişəhər dünya mədəni irsinin qorunub saxlanılmasının ən yaxşı nümunələrindən biridir. Azərbaycanın muğam musiqisi, aşıq musiqisi, milli bayramımız olan Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır. Deməli, biz öz dəyərlərimizi elə təqdim etməliyik ki, dünya bunu duysun, anlasın”.
   Nazir çıxışının sonunda konfransın təşkilində əməyi keçmiş insanlara minnətdarlığını bildirdi, çıxışların, müzakirələrin böyük marağa səbəb olacağına əminliyini bildirdi.
   
   Mədəni dəyərlərin təbliğində reklamın rolu
   
   Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov “Mədəni dəyərlərin təbliğində reklamın rolu” mövzusunda çıxış etdi. Qeyd olundu ki, bu gün Azərbaycan öz mədəniyyətini ən müxtəlif üsullarla yüksək səviyyədə təbliğ edir. Habelə ölkəmizdə mədəniyyətin sürətlə inkişafı öz-özlüyündə mədəniyyətimizi təbliğ edir: “Biz artıq ideologiya mənasında, mədəniyyət anlamında postsovet məkanı deyilik. İlk növbədə mədəniyyətin bazara çıxarılmasının texnologiyasını öyrənməliyik. Sovet dövründə mədəniyyət, incəsənət bazar hadisəsi deyildi. Amma bu gün mədəniyyətimizi, incəsənətimizi həm də beynəlxalq bazarda dəyərləndirməyə və dəyər verilməsinə nail olmalıyıq. Bu isə artıq reklam işinin təkmilləşdirilməsini tələb edir. Vaxtilə bu reklam işini sovet hakimiyyəti özü görürdü. Onun bazarının modellərini, standartlarını təmin etmişdi. Amma bu gün belə bir təminat yoxdur. Ona görə də reklamın inkişafı baxımından görülməli işlər çoxdur. İlk növbədə dünya təcrübəsi tətbiq olunmalıdır”.
   
   * * *
   Cənubi Afrika Respublikası Pretoriya Universitetinin turizm menecmenti kafedrasının professoru Ernie Heath «Dəyişən qlobal turizm mühitində Azərbaycanın uğurlu marketinqi” mövzusunda məruzə etdi. Bildirdi ki, reklam işinə önəm verərkən ölkənin tarixi, irsi unudulmamalıdır: “Azərbaycanın özünəməxsus təbiəti var. Burada istehsal olunan spesifik məhsullar onun özəllikləridir. Bu, istənilən məhsulun beynəlxalq bazara çıxarılmasında mühüm amillərdəndir. Müasir dövrdə Azərbaycanın məhsullarının beynəlxalq bazara çıxarılmasının geniş imkanları var”.
   
   * * *
   Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Atakişiyev “Azərbaycanda sahələr üzrə reklamın potensialı, reallığı və perspektivləri” mövzusunda məruzə etdi. Qeyd olundu ki, ölkəmizdə hazırlanan reklamların qrafik-dizayn baxımdan tədrisi və reklam bazarına çıxarılan məhsulların imicinin formalaşması əsasən ictimaiyyətlə əlaqələr, marketinq və reklam işi ilə bağlıdır. Brendin istehlakçıya satışında dünya standartlarına uyğun bazar axtarışı, məhsulun satışı üçün hansı sektor və seqmentin seçilməsi aktual məsələlərdir. Azərbaycanda əmtəəni xarici bazarlara çıxarmaq üçün həm milli, həm də beynəlmiləl tərtibat üslubu seçilməlidir. Bu da məhsulun reklam dizaynında böyük rol oynayar.
   
   * * *
   MDB ölkələri üzrə Reklam Şurasının direktoru Sergey Pilatov “MDB ölkələrində reklam mədəniyyəti brendin kreativi” mövzusunda məruzəsində reklamın uğurlu alınması üçün tələb olunan vacib keyfiyyətlərdən danışdı. Qeyd olundu ki, cəmiyyətdə reklam məhsullarına münasibət heç də birmənalı deyil. Cəmiyyətin əksər hissəsi reklamların keyfiyyətinə, estetikasına istər-istəməz önəm verir. Cəmiyyət qeyri-estetik reklamı qəbul etmir. Ölkələrin təbliği baxımından sosial reklamlardan da geniş istifadə oluna bilər.
   Konfrans günün ikinci yarısında çıxışlarla davam etdi.
   Fasilədən sonra Rusiya Federasiyasının nümayəndəsi professor Vladimir Yestavyev “Müasir reklam bazarının aktual problemləri” mövzusunda çıxış etdi. O, reklam bazarındakı rəqabətdən, müasir kommunikasiya vasitələrinin sürətli inkişafı dövründə reklam çarxlarının hazırlanmasında, reklam kampaniyalarının aparılmasında qarşıya çıxan problemlərdən danışdı. Reklamın həyatımızda böyük rol oynadığını vurğulayan mütəxəssisin fikrincə, “düzgün təşkil olunan reklam uğurun özü deməkdir”.
   Türkiyəli professor Ahmed Aktaşın “Beynəlxalq turizmə baxış” mövzusundakı məruzəsi də maraqla qarşılandı. Çıxışını statistik rəqəmlər üzərində quran mütəxəssis dünya turizminin hazırkı durumu, 2009-2010-cu illərdə dünya ölkələrinin turizmdə yeri, payı barədə iştirakçılara maraqlı məlumatlar verdi. Bildirdi ki, dünyadakı iqtisadi böhran, dağıdıcı fəlakətlər, siyasi olaylar turizmin inkişafına zərər vursa da, bu sahə durmadan inkişaf edir. Türkiyə də bu sırada öncül ölkələrdən biri kimi dünya onluğunda yeddinci sırada yer alır. Qeyd olundu ki, ölkələr arasında turizm sahəsində rəqabət durmadan artır. Hər bir ölkə reklam bazarını elə təşkil etməlidir ki, turistlər məhz səyahət üçün o yeri seçsinlər. Bunun üçün yüksək zövqlü və reklam bazarında qəbul oluna biləcək məhsullar hazırlanmalıdır.
   Əməkdar incəsənət xadimi, professor Arif Əziz “Reklam dizaynında yaradıcılıq problemləri” mövzusunda çıxış etdi. Ötən əsrin 70-ci illərində, “reklam”, “dizayn” sözlərinin yasaq olduğu bir cəmiyyətdə bu sahə üzrə təhsil almış ilk mütəxəssislərdən biri olduğunu deyən Arif Əziz həmin dövrdə bu sahənin o qədər də inkişaf etmədiyini bildirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda reklam bazarının inkişafından və qarşıya çıxan problemlərdən də söz açan mütəxəssis gənclərin bu sahəyə daha çox cəlb olunmasının zəruriliyini qeyd etdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli “Reklam işi mədəniyyətin əsas istiqamətlərindən biri kimi” mövzusunda çıxış etdi. Bildirdi ki, hərfi mənası “çağırmaq” olan reklam sözünün ilk nümunələri daş üzərində yazılsa da, qloballaşan yeni dünyada reklama böyük ehtiyac var. Onun dili, ifadə vasitələri, yayım üsulları dəyişsə də, həyatı məqsədi dəyişməz qalır. Uğurlu reklam - xidmətlər və məhsullar haqqında ilk və lakonik bilgilər verməklə yanaşı, istehlakçının da ən etibarlı bələdçisidir.
   Vaqif Bəhmənli çıxışında Mədəniyyət və Turizm Nazirliyinin mədəni sərvətlərin, eləcə də ölkənin turizm imkanlarının tanıdılması istiqamətində gördüyü işləri nəzərə çatdırdı. Qeyd etdi ki, nazirlik mədəniyyət və turizm sahəsində vahid informasiya-reklam siyasətini formalaşdırmaq, həyata keçirmək, reklam sahəsinə estetik-bədii peşəkarlığın yüksəlməsinə kömək göstərmək məqsədilə bir sıra tədbirlər həyata keçirir, bununla bağlı müvafiq normativ-hüquqi sənədlər hazırlanıb. Reklam işinin təşkili sahəsində başlıca vəzifələri əks etdirən “Mədəniyyət və turizm sahəsində informasiya və reklam Konsepsiyası” qəbul olunub. Reklam məhsullarında Azərbaycanın milli, mənəvi, dini dəyərləri, dövlətin strateji məqsədlərinin nəzərə alınmasına nəzarət mexanizminin yaradılması məqsədilə tarixi-mədəni sərvətlər əsasında hazırlanan əmtəə nişanlarının istifadəsinə icazə verilməsi qaydaları tərtib olunub. Tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək məqsədilə onlar üzərində reklamların yerləşdirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edilməsi, Azərbaycan turizminin təbliği üçün beynəlxalq tələblərə uyğun internet reklamının təşkili, reklam işində Azərbaycan dilinin norma və qaydalarına düzgün əməl olunmasına nəzarət mexanizminin yaradılması, dövlət sifarişi ilə çəkilən filmlər haqqında reklam materiallarının hazırlanması və yayılması və s. bu sahədə görülən işlər sırasına daxildir.
   Vaqif Bəhmənli 2008-ci ildən ölkənin mədəni həyatında baş verən müsbət dəyişikliklərin tanıdılması və təbliği baxımından Azərbaycan, rus, ingilis dillərində “Mədəniyyət” kataloqunun çap olunduğunu və indiyədək nəşrin beş sayının işıq üzü gördüyünü də diqqətə çatdırdı.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov “KİV-lərdə reklam işi” mövzusunda çıxış etdi. Bundan əlavə, konfransda televiziyaların inkişafında reklamın rolu, internetdə reklamın rolu, çap reklamı və onların növləri, Azərbaycanda turizm biznesi və PR fəaliyyətləri və s. mövzularda çıxışlar dinlənildi.
   Konfrans martın 30-da reklam və marketinq mövzusunda ustad dərsləri ilə işini davam etdirəcək.

   * * *

   Rəylər, təəssüratlar
   
   Bakıda ilk dəfə keçirilən «Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış» beynəlxalq elmi-praktiki konfransda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər, ekspertlər iştirak edir. Onların bir qisminin fikir və təəssüratlarını təqdim edirik.
   
   Xorvatiya Arxitektura Assosiasiyasının prezidenti Saşa Randiç:
   - Bakı getdikcə dünyanın mühüm mədəniyyət və kommunikasiya mərkəzinə çevrilir. Burada çoxlu beynəlxalq tədbirlər keçirilir. Belə tədbirlərdən biri də iştirakçısı olduğumuz konfransdır. Mədəniyyət və reklam terminləri bir yerdə kifayət qədər təbii görünür. Hazırda dünyada reklam insanların ünsiyyətində, ideyaların həyata keçirilməsində vacib rol oynayır. Eyni prosesləri mədəniyyətə də aid etmək olar. Mədəniyyət insanları bir araya gətirir, onları yaxınlaşdırır, bir-birilərinin təcrübələrindən yararlanmağa şərait yaradır. Digər tərəfdən, dünyada reklamın özü olduqca kommunikativdir. Bu mənada reklam və marketinq məsələlərinə həsr olunmuş bu konfransdan gözləntilərim çoxdur. Burada ideyalar mübadilə olunur, insanlar bir-biriləri ilə görüşür, yeni bilgilər əldə edirlər».
   
   Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Turizm menecmenti kafedrasının müdiri, professor Erne Heath:
   - Düşünürəm ki, Bakıda reklam, turizm marketinqinin gələcək inkişaf perspektivləri üçün gözəl imkanlar var. Xüsusilə də reklam marketinqi üçün münbit şərait mövcuddur. Bu il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ölkənizin tanıdılması, reklamı üçün gözəl imkandır. Mədəniyyət turizm təcrübəsinin vacib hissəsidir. Düşünürəm ki, ünsiyyət və təcrübələrimizdə bundan istifadə edə bilərik. Dəyişən qlobal turizm mühitində Azərbaycanın uğurlu marketinq imkanları mövcuddur. Reklam geniş mənaları əks etdirir. Bu, vətəndaşların məsuliyyəti, zövq alması deməkdir.
   Düşünürəm ki, Bakıda keçirilən konfrans bu baxımdan olduqca əhəmiyyətlidir. Belə tədbirlərin özü reklam dünyası üçün maraqlı nümunədir. Çünki reklam mühiti çox dinamikdir və bu, insanlar arasında vacib ünsiyyət yaradır. Biz konkret olaraq gələcəkdən danışanda əsasən təcrübəni nəzərdə tutmalıyıq. Azərbaycanın zəngin mədəniyyəti var və bu mədəniyyətin təbliği üçün reklam vacibdir”.
   
   Professor Vladimir Yestavyev (Rusiya Federasiyası):
   - Biz Bakı şəhərini gəzdik və mən hələ də aldığım təəssüratların təsiri altındayam. Şəhəriniz çox gözəldir, tikililər möhtəşəmdir. Sevindirici haldır ki, Azərbaycan bu il “Eurovision” mahnı müsabiqəsini qəbul edir. Buna görə Bakıya xeyli sayda turist gələcək. Müasir reklamı inkişaf etdirmək üçünsə çoxlu təbliğat, ünsiyyət lazımdır. Reklamçı isə daha peşəkar olmalıdır. Bu mənada belə konfranslar reklamçılara çox kömək edir. Azərbaycan reklamçılarına da məsləhət görərdim ki, tez-tez beynəlxalq reklam festivallarında iştirak etsinlər. Belə tədbirlərdə təcrübə, bilik əldə etməklə yanaşı, təcrübə mübadiləsi də aparılır.
   
   Türkiyənin Akdeniz Universitetinin turizm fakültəsinin professoru Ahmed Aktaş:
   - Konfrans ilk gündən çox gözəl təsir bağışladı. Mütəxəssislərin çıxışlarını da çox bəyəndim. Mövzular dolğun və rəngarəng idi. Azərbaycanın zəngin mədəniyyətinin dünyaya tanıdılması üçün reklam şərtdir. İnsanlarınız dünyanı dolaşacaq, reklam yolu ilə ölkələrini, mədəniyyətlərini tanıdacaqlar. Çünki başqa bir yol yoxdur. Türkiyə də özünü dünyada reklam etmək üçün bütün yolları araşdırır və ən vacib vasitələri seçir. Reklamın yaxşısı, pisi olmaz. Reklam reklamdır.
   
   Reklam və Aydınlatma Texnologiyası üzrə mütəxəssis Mehmet Beyhan (Türkiyə):
   - 25 ildir ki, reklam sahəsində çalışıram. Bütün sahələrin inkişafında reklam çox önəmli bir nöqtədir, amma onu daha yaxşı etsəniz, faydasını görərsiniz. Sadəcə, nöqtələri tapmaq lazımdır. İnternet vasitəsilə reklamda yaxşı bir səviyyəyə gəlib çatdıq. Azərbaycanın ən böyük şansı çox böyük bir mədəniyyətə sahib olmasıdır. O, yaxşı bir formada təqdim olunmalıdır. Reklamın düzgün inkişafı üçün gəncləri xarici ölkələrə, xüsusilə də Amerikaya göndərmək lazımdır. Onlar bu ölkələrin təcrübəsini öyrəndikdən sonra Azərbaycanda daha yaxşı işlər görərlər.   

   Ceyhun Zərbəliyev,
   Təranə Vahid,
   Mehparə