Səfir Hulusi Kılıç: “Biz hər zaman gücümüzü birliyimizdən alırıq”
   
   1918-ci ildə Xalq Cümhuriyyətini qorumaq və Bakını erməni işğalından azad etmək üçün Azərbaycana gəlmiş Osmanlı türk ordusunun 1130 əsgəri bu yolda canını fəda etdi. İstiqlalımız uğrunda şəhid olmuş qəhrəman türk əsgərlərindən biri də Bakı-Şamaxı yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisindəki qəbirdə uyuyur.
   
   Mayın 28-də burada dəfn edilmiş naməlum türk əsgərinin şərəfinə ucaldılan abidənin təmirdən sonra açılış mərasimi keçirildi. Mərasimdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon əhalisi, media nümayəndələri iştirak edirdilər.
   Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə abidə müasir üslubda yenidən qurulub, şəhidliyin ərazisi genişləndirilib, abadlıq işləri görülüb. Səfir və icra başçısı “Tənha məzar" abidəsinin qırmızı lentini kəsdilər. Mərasimdə çıxış edən Türkiyə səfirliyinin hərbi atteşesi Yücel Karauz bildirdi ki, Azərbaycan və Türkiyə qardaş ölkələr kimi hər zaman bir-birinin yanında olub: “1918-ci ilin mayından Azərbaycan əsgərləri ilə birlikdə bu torpaqlar uğrunda vuruşduq və şəhidlər verərək qalib gəldik”.
   Qobustan Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov Azərbaycan torpaqlarının düşməndən azad edilməsində və istiqlalımızın əldə olunmasında qardaş Türkiyənin Azərbaycana göstərdiyi yardımdan bəhs etdi. Azərbaycan-Türkiyə dostluğunun əbədiyyətədək davam edəcəyini də vurğuladı.
   Sonra şagirdlərin ifasında Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş şeirlər oxundu. Türkiyənin hərbi müşavirliyinin nümayəndələri Qafqaz-İslam Ordusunun formalaşmasından, Azərbaycanda keçirdikləri döyüş yollarından bəhs etdilər.
   Səfir H.Kılıç isə öz çıxışında bu ərazinin müqəddəs bir yer olduğunu dedi: “Xalqlarımız arasında şəhidlərimizin qanı ilə yazılmış ortaq tariximiz, qan bağı var. Biz hər zaman gücümüzü birliyimizdən alırıq. Bu tarixi gənclərə öyrətmək lazımdır. Bütün şəhidlərimizin ruhu şad olsun. Bundan sonra gələcəyimiz parlaq olsun”.
   
   Mehparə