Azərbaycanın Respublika Günü Şimali Kiprdə qeyd olunub
   
   Mayın 24-də Şimali Kipr Türk Cümhuriyyətinin Qazimağusa şəhərində Azərbaycanın 28 May - Respublika Gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər Forumu keçirilib. Tədbir Milli Məclisin deputatı Gülər Əhmədovanın təşəbbüsü və Doğu Akdeniz Universiteti və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
   “Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutan forumda ŞKTC-nin Prezidenti Dərviş Əroğlu çıxış edərək, Azərbaycanın Şimali Kipr türkləri üçün qardaş ölkə olduğunu, Kipr türkünün Azərbaycanla bağlı hər məsələyə çox duyarlı davrandığını nəzərə çatdırıb.
   Doğu Akdeniz Universitetinin rektoru prof.Dr. Abdullah Öztoprak və Azərbaycanlı Tələbələr Birliyinin sədri Elçin Süleymanov universitetdə təhsil alan gənclərimizin Şimali Kipr Türk Cümhuriyyətinin ictimai həyatında fəal iştirak etdiyini bildiriblər.
   Tədbirdə çıxış edən Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Sədaqət Vəliyeva forumun əhəmiyyətini vurğulayıblar.
   MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycanda mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində görülən işlərdən danışıb. Professor Qafar Cəbiyev Azərbaycan ərazisində tarixin bütün mərhələlərinə aid abidələrdə xarici ölkə alimləri ilə birlikdə aparılan tədqiqatlar, tarixçi alimlərin son illər ərsəyə gətirdiyi sanballı elmi əsərlər barədə geniş məlumat verib.
   Forumda Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən birgə bəyannamə qəbul edilib.