Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi yarandığı, fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, yaddaqalan tədbirlər, tanınmış şəxslərlə görüşlər təşkil edir. Mayın 25-də muzeydə “Rostropoviç-Vişnevskaya” Fondunun prezidenti Yelena Rostropoviç ilə keçirilən görüş də bu qəbildən idi.
   
   Xatırladaq ki, Bakıda dünyaya göz açan Mstislav Rostropoviç məşhur musiqiçi olmaqla yanaşı, ictimai xadim, insanların müdafiəçisi kimi də tanınmışdır. Təbii fəlakətlərdən, müharibələrdən əziyyət çəkənlərə yardımını heç vaxt əsirgəməmişdir. “Rostropoviç-Vişnevskaya” Fondu da bu işlərə hər zaman dəstək vermişdir. Baş qərargahı Vaşinqton şəhərində yerləşən “Rostropoviç-Vişnevskaya” Fondu 1991-ci ildə dünya şöhrətli maestro və onun həyat yoldaşı, məşhur müğənni Qalina Vişnevskaya tərəfindən təsis edilmişdir. Böyük musiqiçi 1998-ci ildə Qarabağ qaçqınları ilə görüşündən sonra Azərbaycana kömək etmək məqsədilə ölkəmizdə də Fondun nümayəndəliyini yaratmaq qərarına gəlir. 2003-cü ildə keçirilən təntənəli açılışda ulu öndər Heydər Əliyev iştirak etmişdir. Fondun məqsədi Rusiya, Azərbaycan və digər MDB ölkələrində uşaqlara tibbi qayğının artırılmasına, profilaktik səhiyyə proqramlarına dəstək verməkdir.
   Muzeyə təşrif buyuran Y.Rostropoviç ekspozisiyalarla tanış oldu, buradakı yeniliklərlə bağlı fikirlərini bildirdi. Çay süfrəsi ətrafında davam edən görüşdə Y.Rostropoviç, Amerikadakı “Rostropoviç-Vişnevskaya” Fondunun icraçı direktoru B.Amos, Fondun Azərbaycandakı nümayəndələri muzeyin direktoru Şeyla Heydərovaya öz minnətdarlığını bildirərək təəssüratlarını bölüşdülər.
   Ş.Heydərova muzeyin fəaliyyətindən söz açaraq, həyata keçirilən yeni layihələr haqqında danışdı. Qeyd olundu ki, muzeydə keçirilən tədbirlərdə Fondun Azərbaycan nümayəndəliyinin icraçı direktoru S.Məmmədov, koordinatoru Ş.Ağayev və digər nümayəndələr fəal iştirak edirlər. Qonaqlara L. və M.Rostropoviçlərin ev-muzeyinin materiallarına əsaslanan və “Rostropoviç - Vişnevskaya” Fondunun fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou nümayiş olundu. Sonra L. və M.Rostropoviçlərin adını daşıyan 21 saylı musiqi məktəbinin şagirdləri konsert proqramı ilə də çıxış etdilər.