Hüseyn Razi-85
   
   
    Ordubad iki sərt yoxuşun arasında geniş bir vadidə, Araz çayının sol sahilində, Zəngəzur dağ silsiləsinin ətəyindədir. Şəhərin gündoğan səmtindən uzanan əyri-üyrü, enişli-yoxuşlu bu narahat yol müsafirləri Dəstə kəndinə aparır. Kəmki dağının ətəyində, Araz çayının sahilində yerləşən bu kənd Azərbaycan xalqına şair Hüseyn Razini bəxş edib. 
   

   Hüseyn Məmməd oğlu Rzayev (Hüseyn Razi) 1924-cü il oktyabrın 17-də Dəstədə anadan olub.
   Bütün Şərq xalqlarında olduğu kimi, Azərbaycanda da fəlsəfi-ictimai fikir bədii yaradıcılıqla, sənətlə möhkəm bağlı olub. Sevimli şairimiz Hüseyn Razinin də yaradıcılığı dərin fikirlərlə, necə deyərlər, hikmətlə doludur. O, sözün əsl mənasında poetik fikirli şairdir. Hüseyn Razi öz poetik andına sadiq qalan şairlərimizdəndir. Xalqımızın tarixi keçmişi, yurd-torpaq sevgisi, xeyir və şər qüvvələrin əbədi çarpışması, ədalət-xeyirxahlıq, təmiz məhəbbət onun yaradıcılığının başlıca mövzularıdır.
   Hər bir sənətkarın ömür yolunu izləyərkən, ilk növbədə, tərcümeyi - hal faktlarına, sənədlərə, yazılı mənbələrə müraciət olunur. Sənətkarın ömür yolu həm də onun sənət yoludur. Bu, əsərlərdəki həyat həqiqətidir, yaşanılan, duyulan gerçəklikdir. Bədii təxəyyülün gücü ilə yaradılan və obrazlarda əks olunan bu həyat həqiqətləri isə eyni zamanda sənətkarların öz dünyasıdır. Görkəmli şair Hüseyn Razinin həyat yolu da onun sənət yolu ilə vəhdətdədir.
   Hüseyn Razi öz yaradıcılığında tez-tez uşaqlıq dövrünə, gənclik çağlarına müraciət edir. O, sonralar uşaqlıq və gənclik illərini belə xatırlayırdı: «Mənim yaddaşımın axar-baxarında uşaqlıq və gənclik illərinin sükutu, ümidlərə sığınmış ehtimallar, atasızlıqla bağlı qayğılar, çox erkən başlanan zəhmət anları, qəfil müharibə ilə gələn sınaqların və ehtiyacların həyəcanları qalıb. İlləri xatırladıqca qəlbimin güzgüsündən ömrümün xəritəsi canlanır».
   Qeyd edək ki, Hüseyn Razinin şeirlərində də «Vətən coğrafiyasının sözlə çəkilmiş xəritəsinə və tarixinin xronikasına» rast gəlirik. Bu hal onun ilk şeirlərində daha aydın nəzərə çarpır. Məsələn, 1958-ci ildə yazılmış «Naxçıvan» şeirində xeyli coğrafi adlar sadalanırdı.

   ...Həyat nemətidir sənin sal duzun,
   «Badamlı»n, «Sirab»ın gedir hər elə,
   Sənin Noraşenin (Şərur), sənin Şahbuzun,
   Mənim ilhamımı gətirir dilə.
   (H.Razi, «Ana məhəbbəti», Bakı, 1960)
   
   «Ömür yolları» kitabında «Naxçıvandadır», «Şahbuz», «Ordubad», «Qarabağdadır» şeirləri də elə bu ruhda, bu məzmundadır.
   Hüseyn Razi poeziyasında ictimai-siyasi hadisələrə fəlsəfi bir baxış, rasional bir münasibət duyulur. Şairin poeziyasında bu fəlsəfi motivlər-dünya haqqında, varlıq-yoxluq barədə düşünən mücərrəd ideyalardan deyil, həyat hadisələrinin özündən doğur:
   
   Hər çiçək gözəldir, öz çalarında,
   Səslər eyni deyil könül tarında.
   Fikir qatarında, söz qatarında,
   Hər kəsin öz yeri bilinsin gərək,
   Gəlin, bir ölçüdə eyniləşməyək...
   (H.Razi, «Gözün aydın», Bakı, 1996)
   
   H.Razi ədəbi aləmə «İnqilab və mədəniyyət» («Azərbaycan») jurnallarında işıq üzü görmüş (1949, №5, səh 38), «Naxçıvan» şeiri ilə gəlib.
   Hüseyn Razi xalqımızın tarixi faciəsini bütün varlığı ilə duyan və onun alovunda alışıb yanan şairlərimizdən idi. O da Araz çayına bizləri ayıran və eyni zamanda birləşdirən, göz yaşımızın axmasından əmələ gələn, gözdən ürək ümmanına axan ayrılıq simvolu kimi baxır, ona görə də Arazdan çox yazır:
   
   Xan Araz asılıb ətəklərindən,
   Arxası söykənib Kəmki dağına
   Heyrətlə baxıram sübh çağına mən,
   Bu kəndin yuxudan oyanmağına.
   (Hüseyn Razi, «Gözün aydın», Bakı, 1966)
   
   Onu da qeyd etmək istərdim ki, Hüseyn Razi Naxçıvanın və həmçinin respublikanın ədəbi-mədəni və ictimai-siyasi həyatında fəal iştirak etmiş, bu sahələrə aid xeyli sayda şeirlər çap etdirmişdi. 1980-1990-cı illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr də Hüseyn Razi poeziyasında öz əksini tapır. Ancaq onu daha çox düşündürən bu ictimai-siyasi hadisələrin insan qəlbində, onun daxili aləmində doğurduğu əks-sədadır. Hüseyn Razi ömrünün son illərində sanki əvvəllər yaza bilmədiklərini söyləməyə fürsət tapa bilir. Bu şeirlərin çoxu şairin son kitabı «Gözün aydın»da toplanmışdır.
   
   Yer şumlayıb, əkin əkdim,
   Oldu bəhər-bar özgənin.
   Ömrü boyu əzab çəkdim,
   Can mənim, qərar özgənin...
   (H.Razi, «Gözün aydın», Bakı, 1996)
   
   Hüseyn Razi Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus rolu və xidməti olan, söz sənətində öz sözü və dəst-xətti seçilən bir sənətkardır. Onun yaradıcılığını hərtərəfli öyrənmək və tədqiq etməyə ehtiyac var.
   
   Hafiz Hüseynov,
   Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və turizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent