Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalı finalçıların yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
   Yarışmada Azərbaycan ilə yanaşı, Türkiyə, Misir, Özbəkistan və Türkmənistandan gənc istedadlar öz bacarıqlarını nümayiş etdiriblər. Xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi beynəlxalq münsiflər heyətinin qərarı ilə festivalın baş mükafatı - Qran-pri Azərbaycan nümayəndəsi Sədəf Budaqovaya təqdim olunub. İki nəfər ikinci (Hüsnü Atasevən - Türkiyə, İroda Sapayeva -Özbəkistan), iki nəfər üçüncü yerə (Orxan Nüşirəvanlı, Fəxri İsmayılov - hər ikisi Azərbaycan) layiq görülüb. Beş nəfərə isə həvəsləndirici mükafat verilib.