Bağ mövsümündən ürək dolusu təəssürat
   
   Artıq yay mövsümü başa çatmaq üzrədir. Bu isti və qorabişirən avqustun 10 gününü Xəzər sahilindəki bağ evimizdə keçirdim. Bar-bəhərli, bol nemətli Abşeronun torpağına, havasına, suyuna, qızıl qumuna bir daha heyran oldum. Bu yazıda da Abşeron bağlarından danışmaq istərdim.
   
   Abşeron yarımadası ölkə ərazimizin 7 faizini təşkil edir və Xəzər dənizinin qərb sahilində yerləşir. Relyefi əsasən düzənlik olsa da, şimal-qərb hissəsi zirvəliklərdən ibarətdir. İqlimi quru subtropikdir. Payızı günəşli, yazı qısa, yayı isə isti və quru keçir.
   
   Nədəndir, sakit olmaz, hər gün aramsız əsər xəzri
   
   Abşeronun iqliminə bir-birindən əsaslı surətdə fərqlənən hava axınları təsir göstərir. Orta əsr tarixçisi Əl-Bakuvi Bakının küləklər şəhəri olduğunu belə təsvir etmişdir: “Bu şəhərin bir xüsusiyyəti var. Burada gecə də, gündüz də küləklər əsir”.
   Gecə də, gündüz də küləklər əsən Abşeron bağlarının isə ayrı bir mənzərəsi, başqa bir dadı var. Bu gün respublikamızda turizm sahəsinin sürətlə inkişaf etdiyi bir zamanda Abşeron da diqqətdən kənarda qalmamışdır. Bilgəh, Nardaran, Mərdəkan, Şüvəlan və s. ərazilərdə inşa edilən istirahət mərkəzləri qonaqların dincəlməsi üçün çox əlverişli və rahatdır. Dənizin sahilində yerləşməsi isə bu rahatlıq və əyləncəni ikiqat artırır. Bu gün də Rusiyanın və digər keçmiş sovet respublikalarının vətəndaşları Pirşağının Qızılqum sanatoriyasının xoş xatirələrindən ağız-dolusu danışırlar. Amma onu da qeyd etmək yerinə düşər ki, məlum hadisələrlə əlaqədar yurd- yuvalarından köçkün düşmüş soydaşlarımız bu sanatoriyada məskunlaşdıqlarına görə, hazırda bu mərkəz fəaliyyətsizdir.
   Söhbətimi yenidən Bakının küləklərinə gətirmək istərdim. Bağda dincəldiyim 10 gün müddətində gah xəzri gəlib tufan qopardı, gah da gilavar od yağdırdı. Bizdə əsasən belə deyərlər: hansı fəsildə əsməsindən asılı olmayaraq, xəzri əsdisə, demək qışdır. Hələ Buzovna yelini və gicavarı demirəm. Gicavar qısa müddətə əsər və aləmi toz-torpağa bürüyər. Bakının ayrılmaz xüsusiyyəti olan külək yerli əhalinin məişətində və folklorunda özünə möhkəm yer tutmuşdur. Misal üçün bir sınamanı nəzərə çatdırım. Yayda gilavar çox əsib, nəfəs kəsəndə evin ilki əncir ağacını silkələyər və oxuyarmış:
   
   Mən anamın ilkisiyəm,
   Ağzı qara tülküsüyəm,
   Gilavar, get, xəzri, gəl.

   
   Yenə o bağ olaydı...
   
   Abşeronda bağçılığın qədim və zəngin ənənələri var. Tarixi mənbələrdə göstərilmişdir ki, hələ eramızdan əvvəl I minillikdə bu ərazidə mədəni bağçılıq inkişaf etməyə başlamışdır. Hətta vaxtilə I Şah Abbasın dövründə “mali-bağ” adlı bağ vergisinin yığılması haqqında tarixi sənədlər də mövcuddur. Bağlarda isə üzüm, əncir, badam kimi meyvələr yetişdirilərmiş. Bu yerdə onu da qeyd etmək istərdim ki, bağ qonşumun tarixçi olması və mənə etnoqraf alim Təvəkkül Səlimovun araşdırmalarından faktlar təqdim etməsi sayəsində yazım bu tarixi məlumatlarla zənginləşmiş oldu.
   Bakı ətrafı bağların inkişafı XV əsrdən sürətlə inkişaf etmiş və bir çox səyyahların tarixi əsərlərində Bakı bağları haqqında geniş məlumatlar verilmişdir. XVII əsrdə Övliya Çələbinin, XVIII əsrdə yəhudi missionerlərin əsərlərində, həmçinin müxtəlif müəlliflərin tarixi əsərlərində bu barədə məlumatlara rast gəlinir. Mənbələrdə göstərilir ki, Abşeron ərazisindəki bağlarda çox qiymətli meyvələr yetişdirilir, burada çox böyük əraziləri əhatə edən üzüm bağları var. Bakı bağları haqqında tarixi mənbələrdə daha bir maraqlı məlumata rast gəlirik. XIX əsrin sonlarında Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına Mərdəkanda bağçılıq məktəbi açılmış və burada ixtisaslı bağbanlar hazırlanırmış.
   Abşeronluların qədim ənənələrindən biri də yay vaxtı istər şəhər, istərsə də kənd əhalisinin bağlara köçməsidir. Bu, may ayından sentyabradək dövrü əhatə edir. Bu gün də bakılıların əksəriyyəti hər il may ayının gəlməsini səbirsizliklə gözləyir. Bağ mövsümünün başlamasını isə daha çox gənclər arzulayırlar desəm, yanılmaram. Az qala bir əsr yaşı olan ölməz M.Müşfiqin “Yenə o bağ olaydı” şeiri bu gün də bağ mövsümü boyunca ən çox səslənən poetik nümunə olaraq qalır və hər yeni mövsümə yeni ümidlər yaşadır.
   XIX əsrin ortalarında Bakı milyonçularının Abşeron bağlarında inşa etdirdikləri istirahət və yaşıllıqların bir qismi hələ də qalmaqdadır. Bağların şipşirin ənciri, üzümü, püstə və badamı, ağ və qara tutu isə həmişəki dad və şöhrətini qoruyub saxlayıb. Keyfiyyətinə görə Abşeronun ənciri, şanısı və püstəsi çox məşhurdur. Bunlardan hazırlanan çərəzlər isə min bir dərdin dərmanıdır. Ağ şanı, qara şanı, Pişraz, Dərbəndi, Ağadayı kimi üzüm növlərindən hazırlanan mürəbbə və çərəzlər yerli əhalinin məişətində həmişə xüsusi yer tutub. Onların hazırlanması isə nənələrimizin ənənələrinə əsaslanır. Bu yaxınlarda bağa avtobusla getdiyim zaman yaşlı bir qadının gənc xanıma əncir qurusunun hazırlanma qaydasını başa salmasını eşitdim və rəhmətlik nənəmi xatırladım. Nənəm əncirdən mürəbbə, əncir qurusu, piskəndə, zincilfərəc hazırlayardı və hər bir nəvənin də ayrıca payı olardı. Nənəm rəhmətə gedəndən sonra hələ də onun hazırladığı qədər ləzzətli zincilfərəcə rast gəlməmişəm. Hələ qoradan hazırlanan abqoranı, üzüm sirkəsini demirəm. Qışın oğlan çağında xəşilə əlavə edilən doşab yayın isti xatirələrini yada salır. Bakılıların xəmiraşı və sulu xingəlınə əlavə edilən sirkə və abqora da həmçinin. Kişmişin isə xüsusi yeri var. Kişmiş çərəz kimi istifadə edilməklə yanaşı, həm də milli xörəklərimiz olan südlü plov, aş və ləvənginin hazırlanmasında işlədilir. Orqanizm üçün çox faydalı olmasına görə kişmişdən xalq təbabətində də geniş istifadə edilir.
   
   Durmuşam sahildə, tənha bir dənizdir, bir də mən...
   
   Dəniz həmişə sakit olmur. Xəzridə çılğın, gilavarda isə lal kimi səssiz olar. Xəzri əsən zaman şahə qalxan dəlisov dalğalar gilavar əsən zaman sakitləşər, sanki sahildən küsərək əks tərəfə hərəkət edərlər. Tanrı bizə Xəzəri bəxş etməklə böyük bir sağlamlıq ocağı hədiyyə etmişdir. Sahildə dayanıb bu düşüncələrin əhatəsində istirahətə gələn insanları müşahidə edirəm. Dənizin ləzzətini çıxarıb, dalğalara baş vuran insanlar mövsümün bu fürsətini əldən qaçırmayaraq soyuq aylar üçün enerji və güc toplayırlar. Bu istidə sudan ayrı düşmüş balıq kimi çimərliyə can atan insanlar onun bütün müsbət cəhətlərindən faydalanmağa çalışırlar.
   Uşaqlıq illərimi xatırlayıram. Hər səhər tezdən babam bizi dənizə gətirər, üzməyi öyrədərdi. Səhər tezdən sahildə heç kim olmazdı, bu da xüsusi bir zövq verərdi. O zamanlar babam həmişə Yessentukiyə, Kislovodska gedən qohumlarımıza deyərdi ki, nə gəlib öz dənizimin qumuna, öz bağımın havasına. Heç yerə dəyişmərəm buraların cənnətini. Bu gün babamın sözlərində böyük bir həqiqət olduğunu görürəm. Belə demək olarsa, Xəzər əsl müalicə obyektidir. Dənizdə çimmək arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir. Dalğalı dənizdə çimməyin ləzzəti və adrenalini tam başqadır. Həm də eşitdiyimə görə bu çox faydalıdır. Dalğalı dənizdə çimmək çəkinin itirilməsinə, qan dövranının sürətlənməsinə səbəb olur. İsti qum isə çox dərdə dərmandır. Dəniz suyunun bir çox dəri xəstəliklərinə də xeyri var. Şəxsən mən dənizdə alaqaranlıq havada çimməyi xoşladığım üçün axşamtərəfi günəşin batmasını seyr etmək bəs edər ki, insan böyük bir mənəvi qida almış olsun. Ağappaq dalğalar və günəşin od rəngli qürubu... Bu möhtəşəm mənzərəni seyr edərkən insan qəlbinin dərinliklərində hansı hislərin baş qaldırdığını anlatmaq çətindir. Bu gözəlliyə tamaşa edən insan mənəvi qidalanma ilə yanaşı, eyni zamanda duzla bol olan dəniz havasını udması ilə infeksion xəstəliklərə qarşı müqavimətini artırır, sinir sisteminə müsbət təsir göstərir.
   Dəniz havasının təmizliyi və Bakı bağlarının saf nemətlərini dadan insanlar, məncə, özlərini hər zaman gümrah hiss edərlər. Xəzərin sahil zolağı boyunca yerləşən Bakı bağlarında istirahət müalicəvi baxımdan da çox yararlıdır. Bol günəş vannası, ucsuz- bucaqsız çimərliklər və qızılı qumlar. Mavi dənizin beşiyi olan Abşeron sanki üç aylıq yay fəslində özünütəsdiqə çalışır, sübut edir ki, o təkcə qara qızıl yatağı deyil, həm də qızıl qumu cana dərman, bağları ruha qidadır.
   Düzdü, bəlkə də bu yazımda mövzunu bütünlükdə əhatə edə bilmədim. Buzovnanın, Zuğulbanın səsli-küylü bağlarından, axşamtərəfi qonşuların yığılıb samovar çayı içməsindən, qocaların nərd atması, cavanların çalıb-oynaması, uşaqların qumda istirahətindən danışmadım. Amma bircə bunu bilirəm ki, Bakı bağlarının tam başqa bir ab-havası var və bunu duymaq üçün mütləq bir yayı burada keçirib bu səfanı dadmalısan.
   
   Son söz əvəzi
   
   Əsrlərlə Abşeron əhalisinin həyatında mühüm rol oynayan Bakı bağlarının hazırkı vəziyyəti həm qaneedicidir, həm də bir az kədərli. Bu gün bağlar inkişaf edib, əhalisi çoxalıb, amma siması da dəyişib. Bağçılıq ənənələri, vərdişlər getdikcə unudulur. Bağda qaldığım az müddətdə bunun əyani şahidi oldum. Bu gün Bakı bağları deyilən kimi çoxmərtəbəli villalar, dəbdəbəli binalar gözümüzün qarşısında canlanır. Bağlarda Abşeron üçün səciyyəvi olmayan bitkilər əkilir, hündür hasarlar isə məhsuldarlığı aşağı salaraq meynə və ağacların qurumasına gətirib çıxarır. Babalarımızın bizə miras qoyduğu adət və ənənələrin ziddinə gedərək müasirləşdirdiyimiz bağlarımız həmin hisləri yaşatmır bizə. Məncə, Abşeron bağlarını əsl istirahət, sağlamıq ocağına çevirməklə yanaşı, onun köhnə adətlərini də yaşatmalıyıq. Öz şan-şöhrətimizi ətrafdakılara nümayiş etməklə yanaşı, bağların təbii nemətlərinin də qayğısına qalmalıyıq.    

   Lalə Azəri