371966. Bu rəqəm Cəlil Məmmədquluzadənin üstündə gəzdirdiyi tapançanın nömrəsidir. Bilirəm, qəribə səsləndi: Cəlil hara, tapança hara?! Yazıçının ən güclü silahı həqiqət yazan qələmi idi. Bəs Cəlildə tapança nə gəzirdi? Cəlil qələmi ilə cəhaləti “güllələyirdi”, tapançası ilə cahillərdən qorunmağa çalışırdı. Cəlil qələmiylə “qan elədi”, silahı iləsə canını qorudu. “Kim Cəlil Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir” fitvasını vermişdilər. Həmin fitvanın yazılı variantını Cəlilə göndərib hədələyirlərmiş. Hətta günlərin birində Yevlaxda qarşısını kəsib qətlə yetirmək istəyiblər. Xalq üçün canını, pulunu əsirgəməyən bir şəxsi küçə-küçə, ev-ev axtarıb öldürməyə çalışırdılar, “Molla Nəsrəddin” jurnalını tez-tez bağlayırdılar. Müsəlmanlardan özünü qorumaq üçün Tiflisdə müsəlmanlar olmayan Davudovlar məhəlləsində yaşayıb. Hətta Tiflisə Cəlili öldürməkçün üç casus da göndəriblər. Köhnə Bakı lotuları Cəlili dini, müsəlmanlığı alçaltmaqda günahkar bilib cəzalandırmaq üçün hər yerdə əl-əl axtarırdılar. İyirmi beş illik jurnalistik fəaliyyətindən sonra bəziləri onu “milli dili korlayan yazıçı” adlandırdı. Doqquz manat puldan ötrü nəşri yubanan “Molla Nəsrəddin” jurnalının ilk sayı nəşr olunan gecə jurnalı əlavə 500 nüsxə çıxara bilmək üçün çap maşınında Cəlilin özü fəhlə kimi işləyib. Əməyinin qiymətini ala bilməyən yazıçıya fasiləsiz olaraq təhqiramiz məktublar da göndərirdilər. Cəlilsə həmin məktubları qoruyub saxlayarmış. Cəlilin xalqımıza olan inamı sarsılmışdı, artıq o, xalqdan qiymət gözləmirdi. “Ey yüz il bundan sonra dünyada yaşayacaq, nəvə və nəticələrimiz, bəlkə, yüz il bundan sonra ”Molla Nəsrəddin”in köhnəlmiş və qat kəsmiş vərəqləri, tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, o vədə deyəsiniz ki, bu rəhmətlik babalarımıza böhtan deyib”. Nə yaxşı ki, Cəlilin qorxduqları başına gəlmədi. Cəlili xalq sevdi, tanıdı və bundan sonra da unutmayacaq.
   Cəlil qısa mətnlərdə böyük mətləbləri faş edən yazıçıdır. “Azərbaycan” məqaləsi həcmində dil, Vətən, Azərbaycançılıq ideallarını özündə ehtiva edən məqalə oxumusunuzmu? Şəxsən mən oxumamışam. Cəlil kiçik hekayələr, məqalələr, felyetonları niyə yazırdı? Çünki düşünürdü ki, millətin oxumağa marağı yoxdur, çoxu əlifbanı bilmir, kiçikhəcmli olanda bəlkə, bir-ikisini oxuyarlar. Yumorun tərkibinə qatı ironiyanı ona görə qatırdı ki, xalqın içərisində boş-boş gülmək istəyənlər çoxdur, oxuduqları ən azından lətifə, yumor təsiri bağışlayar. Çay hortadıb, təsbeh çevirənlər üçün, məncə, məqamında əla məzə idi.
   Cəlil Məmmədquluzadənin bədii əsərlərini oxuyanda beynimdə qəribə bir sual doğdu. Cəliln əsərlərindəki personajlar niyə ölmür? “Danabaş kəndinin əhvalatları” əsərinin xitaməsində Məhəmmədhəsən əminin ölümü verilə bilərdi. Məsələn, yazıla bilərdi ki Məhəmmədhəsən əmi eşşəyi tapandan bir müddət sonra öldü, yazıq eşşəyi ilə ziyarətə gedə bilmədi.. Yaxud “Poçt qutusu” hekayəsində ən sonda Novruzəlinin ölümü müəllif dilinə keçrilərək müəyyən zaman fərqi ilə verilə bilərdi. Təbii ki, Cəlil Məmmədquluzadə bədii texnikanı və əsərin mahiyyətini yaxşı bilirdi. Sualın cavabını özümçün belə yəqinləşdirdim. Migel De Servantesin ”Lamançlı Don Kixot” əsərinin sonunda Don Kixot ölür. Servantes bununla izah edir ki, artıq cəngavərlik romanı da öldü, həmin mühit də. Cəlilsə bilirdi ki, hələ yüz il, iki yüz il sonra da bu xalqın novruzəliləri, məhəmmədhəsən əmilləri, xudayar bəyləri, şeyx nəsrullahları müasir imicdə daim olacaqdır. Ol səbəbdən də böyük yazıçı əsərlərindəki istər saf, avam, istərsə də qəddar və hiyləgər personajları öldürmürdü. Çünki onlar hələ cəmiyyətdə yaşayırdı. Günü bu gün də yaşayırlar.
   Propor Merime fransız, Əziz Nesin türk, Mirzə Cəlil Azərbaycan ədəbiyyatında heç vaxt unudulmayacaq. Çünki hər üç yazıçı tənqidi realizimlə yaşadıqları mühitə ayna tutublar. O ayna həm də gələcəyi - bu günü göstərib.
  
   Fərid,
   ADMİU-nun tələbəsi