2009-cı il uşaq ili elan olunandan sonra uşaq ədəbiyyatının problemləri gündəmə gətirildi. İstər dövlət, istərsə də özəl nəşriyyatlar bu sahədə xeyli kitab-jurnal nəşr ediblər. “Təhsil”, “Aspoliqraf”, “Çaşoğlu”, “Tutu” və b. nəşriyyatlar maraqlı elmi və bədii vəsaitlər çap etməyə başladılar. Eləcə də kitabxanalarda uşaq kitabları bölmələri, guşələri yaradıldı. Eyni zamanda vaxtaşırı uşaqlar üçün kitab sərgiləri keçirilir. Uşaq ədəbiyyatının ali məktəb səviyyəsində tədrisi ilə bağlı da çox mühüm işlər görülür. ADPU-da uşaq ədəbiyyatı ilə bağlı iki kitab nəşr olunub. Bu kitablardan biri “Uşaq ədəbiyyatı”, digəri isə “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” adlanır. “Uşaq ədəbiyyatı” dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq sərəncamı ilə təsdiq olunmuşdur. Kitabın müəllifləri tanınmış uşaq şairi, filologiya elmləri doktoru, professor Zahid Xəlil və filologiya elmləri namizədi Füzuli Əsgərlidir. Kitabda uşaq ədəbiyyatı ilə bağlı ədəbiyyatşünaslıq məsələləri, uşaq ədəbiyyatı anlayışı, tədris spesifikası və yaş xüsusiyyətləri, həmçinin görkəmli uşaq yazarları haqqında portret-oçerklər verilmişdir. Dərsliyə ilk dəfə olaraq dünya uşaq yazarlarının həyat və yaradıcılığı haqqında geniş məlumatlar daxil edilmişdir. Kitab təkcə uşaq ədəbiyyatı tarixini yox, həm də uşaq ədəbiyyatı nəzəriyyəsini özündə birləşdirir. Belə ki, uşaq ədəbiyyatının folklorla bağlı janrları olan tapmacalar, öcəşmələr, laylalar, düzgülər və s. haqqında da danışılır. Azərbaycan uşaq ədəbiyyatı N.Gəncəvi yaradıcılığından başlayaraq XXI əsrə qədər sistemli şəkildə tədqiq olunmuşdu.
   Emin Mahmudov və Namiq Abdullayevin uşaqlar üçün yazdığı elmi-fantastika janrı haqqında da kitabda geniş məlumat verilib. Dünya uşaq ədəbiyyatından isə Danimarka, Rusiya, İngiltərə, Türkiyə, Fransa, Amerika, Almaniya, İtaliya yazarları və onların əsərləri haqqında elmi məqalələr də kitaba daxil edilib.
   “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” dərsliyi isə Füzuli Əsgərliyə məxsusdur. Kitab milli uşaq ədəbiyyatımızın təşəkkülündən, Azərbaycanda sovet dövründə yaranmış uşaq ədəbiyyatının təzadlı inkişaf yolundan (1920-1950-ci illər), müasir ədəbi prosesdə uşaq ədəbiyyatının problematika və ideya istiqamətləri (1960-1980-ci illər), müstəqillik illərində milli uşaq ədəbiyyatında bədii forma axtarışları və Azərbaycan uşaq ədəbiyyatının inkişafında ədəbi əlaqələrin və bədii tərcümələrin rolundan bəhs edir.
   Hər iki dərslik olduqca nəfis tərtibatla cap olunub.
   
   Fərid Hüseyn