Dünyanın müxtəlif şəhərlərində nümayiş olunan sərgi bu dəfə paytaxtımızda təqdim ediləcək

Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi Bakıda, Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək. Ekspozisiyada rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək. Təqdim ediləcək əsərlərin əksəriyyəti məxsusi olaraq bu layihə üçün işlənilib.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən “Bakıya uçuş” sərgiləri yerli sakinlərin böyük marağına səbəb olub.
Layihənin ideya müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin kataloqu üçün yazdığı “Ön söz”də qeyd edir ki, sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını təqdim etməkdir.
“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff bildirib ki, bu layihə izləyicilərə Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.
“Bakıya uçuş” layihəsinin Heydər Əliyev Mərkəzində təşkil olunan yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.