Əyalət yazarlarına yaradıcılıq stimulu vermək lazımdır
   
   Etiraf etsək də, etməsək də, illərdir bölgələrdə və paytaxtda yaşayan yazarlarımız arasındakı əlaqə sanki qırılıb. Odur ki, əyalətdəki yazarların üzləşdiyi problemlərdən söz açmaq ehtiyacındayıq.
   
   Əlbəttə, o da bəllidir ki, son illər həm paytaxtda, həm də bölgələrdə kitaba maraq zəifləyib, kitab mağazalarının sayı azalıb. Bu yaxınlarda Yazıçılar Birliyində keçirilən tədbirlərdən birində qurumun katibi, dünyaşöhrətli yazıçı Çingiz Abdullayev təəssüflə belə bir statistik hesablamanı diqqətə çatdırdı ki, Azərbaycanda əhalinin 8 faizi kitab oxuyur. Təbii ki, kitabın oxunmadığı bir cəmiyyətdə yazmağa da həvəs qalmır.
   Bir müddət əvvəl «Milli Kitab Mükafatı» layihəsi çərçivəsində bəzi bölgələrdə olduq, bu vəsilə ilə yerlərdəki yazarlarla tanışlıq imkanı əldə etdik.
   Məlum oldu ki, bölgələrdə ədəbi kontingent elə paytaxtdakı kimi yekcins deyil. Məsələn, Qubada 12 ildir fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisində məktəblidən tutmuş ağsaqqaladək ən müxtəlif nəsillərin nümayəndələrinə rast gəlmək olar.
   Bölgələrdə ədəbi dərnəklər fəaliyyət göstərsə də, onların səviyyəsi ürəkaçan deyil. Konkretləşdirsək, dərnək üzvlərinin böyük əksəriyyəti, ən yaxşı halda, ötən əsrin 60-70-ci illər ədəbi nəslinin yazdıqlarını bu və ya digər şəkildə təkrarlayırlar. Oxucular isə Bəxtiyar Vahabzadədən, ya da Nüsrət Kəsəmənlidən başqa, demək olar ki, heç kəsi tanımırlar. Dünya ədəbiyyatı ilə tanışlıq səviyyəsi, ümumiyyətlə, ağrılıdır.
   Təbii ki, əyalətdə yaşayan yazarın imkanları paytaxtda yaşayan həmkarı ilə eyni deyil. Bölgələrdəki yazarların “aclığını”, bir qayda olaraq, “525-ci qəzet”in şənbə sayı ödəyir ki, bu da yetərli deyil. “Ulduz”, “Azərbaycan” kimi ədəbiyyat jurnallarının cəmi 100-120 nüsxəsi rayonlara (bir rayona ən yaxşı halda 2 jurnal düşür) göndərilir. Deməli, bölgədə yaşayan yazar ciddi ədəbi informasiya «aclığı» keçirir.
   Maraqlıdır ki, əyalətdə yaşayan yazarlarımızın böyük əksəriyyəti şeir yazır. Adətən vətənpərvərlik və məhəbbət mövzularına üstünlük verirlər. Nə yazıq ki, bu sırada poeziyadan uzaq nümunələrə də tez-tez rast gəldik.
   Yazarların paytaxtla əlaqələri sıx deyil. Bakıda keçirilən ədəbi tədbirlərə qatılmaq isə maliyyə və vaxt itkisidir. Nəzərə alsaq ki, şeir və ya nəsr bizdə hələ pul gətirmir, deməli, Bakıya gəlmək üçün əyalətdə yaşayan yazar öz cibindən xərcləməlidir. Bakıdakı yazarlar isə bölgələrə nadir hallarda üz tuturlar. Bu səfərlər, bir qayda olaraq, şəxsi xarakter daşıyır.
   Problemlər barədə bu qədər. Onların aradan qaldırılma yollarına gəlincə, bu da məlumdur: əyalətdə yaşayan yazarların yaradıcılığına stimul verəcək müxtəlif ədəbi müsabiqələr keçirmək, paytaxtda yaşayan yazarların regionlara səfərlərini təşkil etmək, rayonlarda çıxan qəzetlərdə ədəbiyyat səhifələrinin keyfiyyətini artırmaq.
   Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir. İlk addım kimi ədəbi müsabiqə başlayıb. Deməli, bölgələrdən maraqlı ədəbiyyat nümunələri və yeni yazarların meydana çıxmasını gözləməyə dəyər.
   
   Rəbiqə Nazimqızı