Azərbaycan

30 may 1862 – Böyük satirik şair Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. Ölümündən sonra şeirləri “Hophopnamə” (1912) adlı topluda nəşr olunub.

30 may 1930 – Şair Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxıda doğulub. Uşaqlar üçün əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir.

 

31 may 1898 – Əməkdar artist, xanəndə Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) Şuşanın Qaradolaq kəndində anadan olub.

31 may 1922 – Xalq artisti, müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Filarmoniyanın, Opera və Balet Teatrının solisti olub.

31 may 1929 – Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 – 31.8.2016) anadan olub. Uşaqlar üçün çoxsaylı musiqi əsərlərin, 300-dən çox mahnının müəllifidir.

 

1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

1 iyun 1950 – Əməkdar artist Tanilla Aysayevna Əhmərova (1950 – 4.8.2015) anadan olub. “Üzeyir ömrü”, “Qayınana” və s. filmlərdə çəkilib.

 

2 iyun 1979 – Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

2 iyun 2013 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə dünyasını dəyişib. Passi qəbiristanlığında dəfn olunub.

 

Dünya

 

30 may 1937 – Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

31 may 1887 – Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse; 1887-1975) anadan olub.

31 may 1899 – Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Rus meşəsi” (roman), “Canavar”, “Çovğun” (pyeslər) və s. 

 

1 iyun 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850-1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.

1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Niaqara”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.

1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.

Hazırladı:  Vüqar ORXAN