Azərbaycan

4 iyun 1926 – Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı kimi musiqi tariximizdə qalıb. “Arşın mal alan” filmində (1945, Telli) çəkilib.

4 iyun 1929 – Kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub.

 

5 iyun 1908 – Şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908 - 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb. 10 şeir və poemalar toplusu nəşr olunub. Pantürkizm və millətçilikdə ittiham edilərək repressiya olunub.

5 iyun 1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 - 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir.

5 iyun 1941 – Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

6 iyun 1855 – Şair Əbdülxalıq Cənnəti (1855-1931) Bakıda doğulub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən olub.

6 iyun 1917 – Tanınmış rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. 1942-1969-cu illərdə Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor və baş rejissor işləyib.

6 iyun 1929 – Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub.

 

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir.

 

8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.

 

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 - 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib.

Hazırladı:  Vüqar ORXAN