Pandemiya səbəbi ilə hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun vaxtı ilə yanaşı məkanı da dəyişdirilib. Koronavirus infeksiyasına görə qışda keçirilməsi məqsədəuyğun hesab edilməyən forum mayın 18-dən 21-dək İsveçrənin mərkəzi regionlarından olan Nidvalden kantonundakı Bürgenştok kurortunda keçiriləcək.

“Böyük yenidən başlanğıc” devizi altında keçiriləcək forumda pandemiyadan sonrakı dövrdə dünya iqtisadiyyatının yenidən dirçəldilməsi strategiyaları müzakirə olunacaq. Təşkilat komitəsindən bildirilib ki, forumun baş tutması üçün əsas məsələ epidemioloji və təhlükəsizlik şərtlərinin yaxın aylarda inkişafından asılı olacaq.

Nidvalden kantonunun yerli hökuməti forumun Bürqenştokda keçiriləcəyindən məmnunluq ifadə edərək, kurortun müasir infrastrukturunun bu kimi beynəlxalq tədbirlərin keçirilməsinə imkan verdiyini bəyan edib. Kanton hökuməti forumun baş tutması ilə yerli turizmin canlanacağına da ümid edir.

Təşkilatçılar bildiriblər ki, forumun 2022-ci ildən yenə ənənəvi olaraq Davosda keçirilməsi nəzərdə tutulur.