Mayın 4-də Təhsil Nazirliyi tərəfindən Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub.

49 ölkədən 70-dən çox əcnəbi tələbə parkla tanış olaraq 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlara baxıblar.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov məlumat verib ki, əcnəbi tələbələr respublikamızın 28 ali təhsil müəssisəsində oxuyurlar.

“Məqsədimiz odur ki, Ordumuzun uğurlarını əcnəbi tələbələr öz gözləri ilə görsünlər. Tələbələrimiz müxtəlif auditoriyalarda, paltformalarda təmsil olunurlar, sosial şəbəkələrdən istifadə edirlər. Bu da ölkəmizin suverenliyinin bərpa olunmasını dünyaya çatdırmaqda öz töhfəsini verəcək. Bu işlərin davamlı olması üçün gələcəkdə əcnəbi tələbələrimizlə işğaldan azad olunmuş torpaqlarımıza səfər də planlaşdırırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

“İki ildən çoxdur ki, təhsilimlə əlaqədar Azərbaycanda yaşayıram. Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsi sevincini azərbaycanlılarla birgə yaşadım. Unudulmaz bir tarixi mərhələnin şahidi oldum. Qələbə gününü çox yaxşı xatırlayıram. Bu gün Hərbi Qənimətlər Parkında gəzərkən bir daha müharibə gedən, qələbə xəbərləri aldığımız günləri xatırladım”.

Bu sözləri ADA Universitetinin ukraynalı tələbəsi İvan Kanevski deyib. O vurğulayıb ki, artıq tarixi ədalət bərpa olunub, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

“Hərbi Qənimətlər Parkına gələn hər bir ziyarətçidə Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında müsbət fikir formalaşır”, – deyə o bildirib.

“Hərbi Qənimətlər Parkını məmnuniyyətlə gəzdim. Burada nümayiş olunan texnika Azərbaycan Ordusunun öz torpaqları uğrunda apardıqları mübarizənin, qəhrəmanlığının göstəricisidir. Mən çox sevinirəm ki, ədalət öz yerini tapdı, Azərbaycan torpaqlarını işğaldan azad etdi”, – bunu isə Azərbaycan Dövlət İqtisad Universitetinin pakistanlı tələbəsi Möminə Mehdi deyib. O bildirib ki, parkın salınması gənc nəslin vətənpərvər ruhda böyüməsinə də töhfə verəcək.