Daşkənddə keçirilən tədbirdə Azərbaycan mədəniyyəti təqdim olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Tibb Universiteti ilə birgə bu ali məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” adlı tədbir keçirib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, azərbaycanlı gənclər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan üçün ayrılmış guşə ilə tanış olublar. Guşədə müxtəlif mövzularda kitablar, o cümlədən “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “Xəmsə”si, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər sərgilənib. Sərgidə milli musiqi alətlərimiz, Azərbaycan xalçaları, kəlağayıları, ölkəmizin mədəniyyətini və turizm imkanlarını əks etdirən fotolar da nümayiş etdirilib.

İnstitutun prorektoru, professor Sayfiddin Baymakov çıxış edərək Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında gənclərin rolundan söz açıb,  belə tədbirlərin əhəmiyyətini qeyd edb.

AMM-in direktoru Samir Abbasov xalqlarımız arasında tarixi dostluqdan, dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışaraq, keçirilən tədbirdə Azərbaycanın zəngin və təkrarsız mədəniyyətinin nümayiş olunduğunu deyib. O, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini, Özbəkistanda isə Əlişir Nəvainin 580 illik yubileyinin qeyd olunduğunu bildirərək bu münasibətlə AMM tərəfindən hər iki şairə həsr olunmuş tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Azərbaycanın Qarabağ diyarının tarixi milli qadın və kişi geyimləri nümayiş olunub. “Qarabağ” şikəstəsinin sədaları altında geyimləri Özbəkistan Tibb Universitetinin tələbələri təqdim ediblər.

AMM-in nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa edib, İlham Abdullayev sazda el havalarımızı səsləndirib, özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar oxuyublar.

İştirakçılar Azərbaycan mətbəxi nümunələrinin – şəkərbura, paxlava və qutabların dadına baxıblar.