Azərbaycanda mədəni irsin mühafizəsi sahəsində görülən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irslə bağlı məsələ Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinosla görüşündə müzakirə edilib.

XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov postmünaqişə dövrünün regionda yeni imkanlara yol açdığını qeyd edərək, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu deyib. İşğaldan azad edilmiş ərazilərdə abidələrin bərpası sahəsində həyata keçirilən işlər barədə məlumat verən Ceyhun Bayramov Azərbaycanın mədəni irsin etnik və ya dini xarakterindən asılı olmadan bərpası və mühafizəsi sahəsində ardıcıl addımlar atdığını diqqətə çatdırıb.

Migel Angel Moratinos Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın təşəbbüsü olan “Mədəniyyət naminə sülh” kampaniyasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə Alyansla birgə Fəaliyyət Planının imzalandığını qeyd edib. Xatırladaq ki, “Mədəniyyət naminə sülh” kampaniyası 2021-ci ildə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb.

Moratinos həmçinin Azərbaycan tərəfindən dinlərarası və sivilizasiyalararası dialoq sahəsində fəal surətdə atılan addımların əlamətdar və nümunəvi olduğunu deyib.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının cari ilin noyabr ayında Mərakeşdə təşkil ediləcək 9-cu tədbirinə hazırlıqla bağlı fikir mübadiləsi də aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.