Azərbaycan

 

7 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. Muzeyin yaradıcıları sənətşünaslar Hüseyn Mirzəcаmаlov və Məhəmməd Ağayev idi.

7 dekabr 1947 – Sənətşünaslıq doktoru, professor Cəmilə Yusif qızı Həsənzadə (1947 – 27.8.2022) Bakıda doğulub. Azərbaycan miniatür sənətinin görkəmli tədqiqatçısı,  “Təbrizin sehrli nağılları” kitabının müəllifidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi olub.

7 dekabr 1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.

7 dekabr 2004 – “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul edilib.

7 dekabr 2010 – Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) bəstələnib.

7 dekabr 2017 – UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında (Koreya Respublikası) Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.

7 dekabr 2021 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Qara İbrahim oğlu Məşədiyev (15.5.1939 – 2021) vəfat edib.

 

8 dekabr 1901 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

8 dekabr 1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Dram Teatrının aktyoru olub, kinoda (“Lətif”, 1930) çəkilib.

8 dekabr 1909 – Xalq artisti Nina Dmitriyevna Sarnatskaya (1909-1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

8 dekabr 1939 – Əməkdar artist, rejissor Rövşən Məmmədqulu oğlu Abdullayev (1939-1995) anadan olub. Sənədli televiziya filmləri çəkib. 

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.

8 dekabr 1946 – Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Nikolayeviç Pletnyov (1946 – 21.2.1988) Göyçayda doğulub. Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

8 dekabr 2021 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (8.8.1936 – 2021) vəfat edib.

 

9 dekabr 1918 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr edib.

9 dekabr 1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.

9 dekabr 1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

7 dekabr 1889 – Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel; 1889 – 8.10.1973) anadan olub.

7 dekabr 1926 – Rusiyanın Xalq artisti Pyotr Sergeyeviç Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, “Çelyuskinçilər” və s.

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832–1910) anadan olub.

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius; 1865 – 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals” və s. əsərlərin müəllifidir.

8 dekabr 1980 – Dünya şöhrətli ingilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından Con Lennon (John Winston Ono Lennon; 9.10.1940 – 1980) vəfat edib.

 

9 dekabr 1048 – Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 4.9.973 – 1048) vəfat edib.

9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann; 1717–1768) anadan olub.

Hazırladı: V.Orxan