Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” esse müsabiqəsinə yekun vurulub.

Bu münasibətlə fevralın 3-də Monitorinq Mərkəzində tədbir keçirilib. Mərkəzin direktoru professor Sevinc Əliyeva müsabiqənin görkəmli Ulu öndər Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyətinin öyrənilməsi, uğurlu gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsi və azərbaycançılıq ideologiyasının təbliği baxımından xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, esse müsabiqələri tələbələrdə tədqiqatçılıq bacarığını üzə çıxarmaqla onlarda düzgün yazı vərdişlərini inkişaf etdirməyə geniş imkan yaradır.

Diqqətə çatdırılıb ki, müsabiqəyə təqdim edilmiş 49 esse arasında  seçim aparılıb. Naxçıvan Dövlət Universitetinin I kurs magistrantı Muxtar Rzazadə müsabiqənin qalibi olub. Fərqlənmiş iki esse müəllifi – Mingəçevir Dövlət Universiteti Təhsil fakültəsinin IV kurs tələbəsi Tahirə Mustafayeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı Pedaqoji fakültəsinin II kurs tələbəsi Ceyhunə Ağaverdiyeva fəxri fərmanla təltif olunublar.