Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, esseist, ssenarist, tərcüməçi Ramiz Rövşənlə Qubada oxucularla görüşü keçirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə bölgənin şairləri, təhsil və mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

Görüşdə rejissor Xalq artisti Ramiz Həsənoğlu, texnika elmləri doktoru, professor Rafiq Əliyev, Xaçmaz RMİ-nin rəisi vəzifəsini icra edən Fərid Musayev, Dövlət İmtahan Mərkəzi Xaçmaz Regional Bölməsinin müdiri Faiq Nadirsoy və başqaları çıxış edərək Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıblar.

Xalq şairi poeziya və sənətlə bağlı qənaətlərini bölüşüb, yeni şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı oxucuların suallarını cavablandırıb.

Şairin poeziyasının vurğunu olan müxtəlif yaşlı oxucular müəllifin şeirlərini səsləndiriblər.

Sonda şair tədbirin təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitabları imzalayıb.