İtalyan bəstəkarın ən yaxşı əsərləri Bakıda təqdim olunacaq

 

Qazaxıstanın “Tynda Music” simfonik orkestri iyunun 2-də Heydər Əliyev Sarayında italyan bəstəkar Lyudoviko Eynaudinin ən yaxşı əsərlərindən proqram təqdim edəcək.

Lyudoviko Eynaudi neoklassikanın ən görkəmli nümayəndələrindən biridir. Onun “Elements” (2015) albomu son 20 ildə Böyük Britaniya albom çartına daxil olan yeganə klassik əsərlər toplusudur. Eynaudinin saundtrekləri onu çox populyar edib. Məşhur bəstəkar və pianoçu 20-dən artıq albomun, eləcə də Darren Aronofskinin “Qara qu quşu”, Ksavye Dolanın “Mən hələ ki, buradayam” və “Anacan” filmlərinə saundtreklərin müəllifidir.

Qazaxıstanın “Tynda Music” orkestri insanları canlı musiqi vasitəsilə ruhlandıran və mədəni cəhətdən maarifləndirən musiqi layihəsi kimi ərsəyə gəlib. Layihənin əsas ideyası yüksək səviyyəli musiqini və dünya miqyaslı musiqiçiləri hər kəs üçün daha yaxın etməkdir.