Sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib.

Əvvəlcə Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra iclasın gündəliyində duran bir neçə məsələ - Azərbaycan tərəfinin təklifi ilə UNESCO-ya müraciətin qəbul olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının əsas göstəricilərini əks etdirən bir elektron məcmuənin tərtib olunması və onun hər il yenilənməsi, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr olub, səsvermə əsasında qərarlar qəbul edilib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov gündəlikdə olan bütün məsələlərin vacibliyini qeyd edib, onların həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O, bildirib ki, görüşlər tez-tez keçirilməli, müzakirələr aparılmalı, təklif edilən layihələr reallaşdırılmalıdır. K.Tahirov 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söyləyib. O, 2020-ci ilin dekabr ayında işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından IFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) prezidentinə məktubla müraciət ünvanlayaraq, işğaldan azad olunan regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini qeyd edib. Cavab məktubunda IFLA prezidenti dağıdılmış kitabxanalarla bağlı məlumatları UNESCO-dakı həmkarları ilə paylaşdığını yazıb, lakin Kərim Tahirov missiya göndərilməsi ilə bağlı xahişə bu günədək cavab alınmadığını söyləyib. O, hərbi konfliktlər zamanı mədəni irsin məhv edilməsini yolverilməz adlandıraraq, İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif edib və təklif dəstəklənərək qəbul olunub.

Müzakirələr zamanı Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Bakıtcamal Ospanova İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili məsələsindən danışarkən fondun yenilənməsi, ədəbiyyat mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva bildirib ki, zəngin kolleksiyaya malik olan Ə.Nəvai adına Milli Kitabxananın çoxsaylı yerli və xarici oxucularını, xüsusən tədqiqatçılarını nəzərə alaraq qeyd edib ki, fond yalnız bədii və incəsənət ədəbiyyatı ilə deyil, eyni zamanda, elmi ədəbiyyatla da formalaşdırılmalıdır.

Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu tezliklə reallaşacaq olan yeni layihələrindən - aplikeyşn vasitəsilə müxtəlif ölkələrdən əldə etmək istədikləri kitablarla bağlı siyahıların göndərilməsinin və ədəbiyyatların kitabxanalara çatdırılmasının mümkün olacağından danışıb.

Gündəlikdə duran digər məsələ İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması məsələsi olub. Hələ ötən iclasda bu məsələyə toxunulduğunu qeyd edən Kərim Tahirov bu işin hələ də yekunlaşmadığını diqqətə çatdırıb.

Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan və Tacikistan Respublikası Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru Jumakhon Xol ölkələr arasında mədəni sahədə dərin əlaqələrin olmasından danışıb, öz kitabxanaları tərəfindən hər zaman ədəbiyyat və təcrübə mübadiləsinin, həmçinin birgə tədbirlərin həyata keçirilməsinə məmnun olacaqlarını bildiriblər.

Kərim Tahirov hər il təşkil edilən beynəlxalq sərgi-yarmarkalara dəvət edilən xarici qonaqların nümayiş üçün gətirdikləri kitabların Azərbaycan Milli Kitabxanasının xarici ədəbiyyat fondunu zənginləşdirdiyini söyləyib, həmçinin ədəbiyyatdan əlavə, mütəxəssislərin də təcrübə mübadiləsi sahəsində əlaqələrin möhkəmləndirilməsinin, qarşılıqlı şəkildə ayrı-ayrı ölkələrin guşələrinin yaradılmasının vacibliyini, qarşılıqlı memorandumların olmasına baxmayaraq, yenə də bu əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə çalışılmalı olduğunu bildirib, bütün bunların bilavasitə xarici mədəni siyasətin inkişafı məqsədi daşıdığını qeyd edib.

Sonda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının növbəti iclasının 2025-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi təklifi iştirakçı ölkələr tərəfindən dəstəklənib və həyata keçirilən işlərin nəzərdən keçirilməsi məqsədilə iclasın ildə 2 dəfə onlayn şəkildə də toplanması barədə qərar qəbul olunub.