Varşava Universiteti Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq Mərkəzi”nin 5 illiyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova mərkəzin əsas missiyasının Azərbaycan dilinin, eləcə də Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin təbliği olduğunu bildirib, mərkəzin iki ölkə arasında akademik əlaqələrin genişləndirilməsinə də xidmət etdiyini söyləyib. Diplomat Bakı Slavyan Universitetində “Polyak dili və mədəniyyəti mərkəzi”nin fəaliyyət göstərdiyini də xatırladıb.

Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa, Mərkəzi Asiya xalqları və türkologiya kafedrasının rəhbəri Aqata Bareya-Stajinska “Azərbaycanşünaslıq Mərkəzi”nə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Polşanın Yaqellon Universitetinin professoru Qrajina Zayonts “Mənim Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə görüşlərim”, Poznan Kommunikasiya və İdarəçilik Universitetinin nümayəndəsi Mariuş Maşevski “Azərbaycanla bağlı müasir Polşa tədqiqatlarının başlanğıcı”, Varşava Universitetinin əməkdaşı Aneta Stjemjalska “Azərbaycanın musiqi mədəniyyətinin beşiyi Şuşa” mövzularında məruzə ediblər.