AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib.

Bu barədə MEK-dən məlumat verilib. Azərbaycan Türk Ocağı İctimai Birliyi ilə birgə təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tədqiqatçılar, Rəsulzadənin ailə üzvləri iştirak ediblər.

MEK-in direktoru Məmməd Əliyev ölkə başçısının Rəsulzadənin 140 illiyi haqqında 2023-cü il 30 dekabr tarixli sərəncamını xatırladıb. Bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətini quran digər ziyalılarımızın ruhu şaddır. Çünki hazırda Azərbaycan onların görmək istədikləri kimi – müstəqil, güclü və tam suveren bir dövlətdir.

Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Rəsulzadənin ictimai-siyasi fəaliyyətinə nəzər yetirib və bu mövzunun böyük araşdırma obyekti kimi maraq doğuracağını bildirib.

Milli Məclisin deputatı Arzu Nağıyev də Rəsulzadənin fəaliyyətinin elm ocaqları səviyyəsində öyrənilməsini təqdirəlayiq hesab edib.

Tarixçi-alim Firdovsiyyə Əhmədova çıxışında Rəsulzadənin “Açıq söz” qəzetindəki fəaliyyətindən, mühacirət dövründən, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin yaranmasından danışıb.

Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı və digər çıxış edənlər mövzu ilə əlaqəli fikirlərini bölüşüblər.

Sonda Rəsulzadənin müəllifi olduğu və ona həsr edilən kitablardan ibarət sərgiyə baxış keçirilib.