Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbirdə məruzəçi qismində görkəmli dövlət xadiminin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxış ediblər.

Rais Rəsulzadə babası haqqında fikirlərini bölüşüb, tədbirdə muzeyin kolleksiyasından nümayiş olunan, Xalq rəssamları Kamil Əliyev və Oqtay Sadıqzadənin çəkdikləri Rəsulzadənin portretlərindən bəhs edib.

Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində Rəsulzadənin rolu, həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. Yeni çapdan çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabını muzeyə hədiyyə edib. Qeyd edək ki, bu il Rəsulzadənin 140 illik yubileyi münasibətilə “III Beynəlxalq Rəsulzadə qiraətləri”nin keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbirdə iştirak edən ziyalılar, Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları məruzələr ətrafında çıxış ediblər.