Fevralın 25-də Bakı Xoreoqrafiya Məktəbində Xocalı şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbi ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş “Vətən Anadır” adlı tədbir keçirildi. 
   
   Tədbirdə çıxış edən Bakı Xoreoqrafiya Məktəbinin direktoru, Əməkdar müəllim Neylüfər Kərimova, Xocalı şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İmran Mirzəyev Xocalı faciəsinin dəhşətləri barədə danışaraq bu soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırdılar. Musiqi məktəbinin müəlliməsi Rəna Xudiyeva Xocalıda başına gələn hadisələri nəql etdi. Tədbirdə ermənilərin yerlə-yeksan etdikləri Xocalı şəhəri haqda Azərbaycan, rus, fransız dilində məlumatlar, Qarabağın tarixi, mədəniyyəti haqda informasiya səsləndi.
   Uşaqların ifasında “Rənglərin anası” adlı səhnəcikdə isə qara rəngin möhtəşəmliyi və rənglərin anası kimi qəbul olunması bədii formada həllini tapdı. İşğal altında olan xarı bülbülün, anaların fəryadı yüksək səviyyədə hazırlanmış səhnəcikdə səsləndi. Uşaqlar vətənpərvərlik mövzusunda şeirlər, “Xarı bülbül”, “Azərbaycan” mahnılarını ifa etdilər. “Vətən Anadır” adlı tədbirdə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş səhnəcik də yer aldı. Tədbir “Qarabağ şikəstəsi” ilə yekun vuruldu.
   
   Reyhan