Mayın 20-də Ə.Quliyev adına Salyan rayon Mədəniyyət evində görkəmli aktyor, Xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı Həsən Məmmədovun yaradıcılığına həsr olunan “Ekranda yaşanan ömür” adlı tədbir keçirildi. Tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin kino bölməsi tərəfindən təşkil edilmişdi. Tədbir iştirakçıları əvvəlcə aktyorun yaradıcılığını əks etdirən fotostendlə tanış oldular.
   Tədbiri giriş sözü ilə açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynov Salyanda dünyaya gələn Həsən Məmmədovun böyük sənətkar kimi bütün Azərbaycan xalqının sevimlisi olduğunu vurğuladı. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini P.Zeynalov, sənətkarın həmyerliləri, yaxınları H.Məmmədovu xoş xatirələrlə yad etdilər. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli aktyorun zəngin yaradıcılığından danışdı. Qeyd edək ki, H.Məmmədovun Azərbaycan kinosunun inkişafında müstəsna xidmətləri olub. Yüzədək filmdə rol alan H.Məmmədov yaratdığı obrazlarla milli kinomuzda öz imzasını qoyub.
   Tədbirdə H.Məmmədovun oynadığı bir neçə filmdən fraqmentlər nümayiş olundu. Tədbir Q. Əsgərov adına Salyan rayon Uşaq İncəsənət Məktəbinin musiqi kollektivinin konsert proqramı ilə başa çatdı.
   
   Faiq Nəcəfov,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin kino bölməsinin müdiri