İnformasiya-maarifləndirici mərkəzin məktəbli və tələbələr üçün tədris proqramı təqdim olundu
   
   Mayın 21-də Muzey Mərkəzində “Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramının təqdimat mərasimi keçirildi. UNESCO-nun Moskva bürosunun təşkilatçılığı ilə gerçəkləşən tədbir 21 may - Dünya Mədəni Müxtəliflik Gününə həsr edilmişdi.
   
   Tədbirdə muzey işçiləri, Bakı Slavyan, Qərb universitetlərinin, Bakı Avropa liseyinin, Bakı Oksford məktəbinin və digər təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət və təhsillə bağlı ictimai və təşkilatların təmsilçiləri iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva əvvəlcə Dünya Mədəni Müxtəliflik Gününün mahiyyətindən söz açdı. Qeyd olundu ki, “Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü” mədəni müxtəlifliyin dəyərlərinin dərk edilməsinə və dünya xalqları arasında əməkdaşlığa kömək edir.
   2008-ci ildə UNESCO-nun Moskva bürosunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin açıldığını xatırladan G.Əfəndiyeva qeyd etdi ki, Bakı Rus Muzeyinin virtual filialının fəaliyyətə başladığı ilk xarici ölkə paytaxtı oldu: “Bu əhəmiyyətli hadisə Azərbaycanda rus mədəniyyətinə və incəsənətinə olan marağın daha da artmasına, iki ölkə arasında mədəni əlaqələr dairəsinin genişlənməsinə müsbət təsir göstərdi”.
   “Rus Muzeyi: virtual filial”ın inkişafına dair layihənin növbəti mərhələsi 2009-cu ildə UNESCO-nun Moskva bürosunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin internet səhifəsinin yaradılması oldu. UNESCO-nun Moskva bürosu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası “Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzində informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək göstərib. Bu sırada növbəti layihə kimi Dünya Mədəni Müxtəliflik Günü ilə əlaqədar “Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramı hazırlanıb.
   Sonra G.Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü ilə bağlı müraciətini oxudu.
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və proqramlar şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə ölkəmizdə mədəni müxtəliflik sahəsində görülən işlərdən bəhs etdi.
   Muzey-tədris və interaktiv proqramlar üzrə mütəxəssis Firuzə Sultanzadə və “MediaDesign” veb-studiyasının direktoru Samir Qasımov proqramın təqdimatına başladı. Bildirildi ki, proqram qavrama və çətinlik səviyyəsinə görə iki hissəyə - gənclər və uşaq auditoriyasına bölünüb. Qeyd olundu ki, layihənin reallaşdırılması ölkə ərazisində və onun hüdudlarından kənarda vahid mədəni-informasiya məkanının genişlənməsinə, o cümlədən xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.   

   Mehparə