Mayın 23-də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin (1914-1996) anadan olmasının 97-ci ildönümünə həsr olunmuş xatirə tədbiri keçirildi. 
   
   Bir zamanlar İlyas Əfəndiyev deyirdi: “Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çoxdur. Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə onun əsərləri və xalqıdır”. Ədibin xatirə işığına toplaşan mədəniyyət və incəsənət xadimləri, müəllim və şagirdlər öz əsərləri ilə Azərbaycan ədəbiyyatını, milli teatr səhnəmizi işıqlandıran İlyas Əfəndiyev dünyasından söz açdılar.
   Gimnaziyanın direktoru Sevda Quliyeva qonaqları salamlayaraq İlyas Əfəndiyevin adını daşıyan təhsil ocağında vaxtaşırı görkəmli şair və yazıçıların yaradıcılığına həsr olunmuş tədbirlərin keçirildiyini bildirdi. Direktor İlyas Əfəndiyevin zəngin ədəbi irsindən danışdı. Gimnaziyanın müəllimi Nazim Fəxrəddinov yazıçı-dramaturqun yaradıcılığından söz açaraq bildirdi ki, İlyas Əfəndiyevin yaradıcılığında Azərbaycan dilinin bütün incəlikləri, gözəllikləri qorunub saxlanılıb, dilimizin saflığı və duruluğu sənətkarlıqla əks olunub.
   Tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevlə bağlı xatirələrini dilə gətirdi. 20 il ərzində böyük dramaturqla birlikdə işləyən rejissor onu həm də böyük insan, nadir şəxsiyyət kimi xatırladı. İlyas Əfəndiyevin 7 əsərini səhnələşdirən rejissor Azərbaycan teatr səhnəsinin hər zaman görkəmli ədibin yaradıcılığına müraciət edəcəyini bildirdi.
   Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov, bir çox sənətkarlar kimi, onun da sənət taleyində İlyas Əfəndiyevin böyük rolu olduğunu dedi. İlyas Əfəndiyevin “Sarıköynək və Valehin nağılı” əsəri əsasında Lütfü Məmmədbəyovun hazırladığı televiziya tamaşasında baş rollardan biri - Valeh obrazı ilə tamaşaçılar tərəfindən tanındığını, məhz bu roldan sonra Akademik Milli Dram Teatrına işə qəbul olunduğunu bildirdi.
   Tədbirdə Akademik Milli Dram Teatrının aktyorları İlham Əsgərov və Əjdər Həmidov dramaturqun “Hökmdar və qızı” əsəri əsasında yeni quruluşda hazırlanan “Qarabağnamə” tamaşasından bir səhnəni nümayiş etdirdilər.
   Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu İlyas Əfəndiyev dramaturgiyasını Azərbaycan teatrının ən parlaq və uğurlu səhifələrindən biri kimi xarakterizə etdi. Səhnəmizə bir-birindən maraqlı “Xurşidbanu Natəvan”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Atayevlər ailəsi” və digər onlarca sanballı əsərlər bəxş edən qüdrətli sənətkarın zəngin irsindən söz açdı.
   “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı Azərbaycan ədəbiyyatında xüsusi yeri olan dramaturqun ədəbiyyata gəldiyi ilk illərdən, zəngin yaradıcılığından, milli dramaturgiyamızın inkişafındakı xidmətlərindən danışdı.
   Dramaturqun nəvəsi Günay Əfəndiyeva görüşün təşkilatçılarına, qonaqlara, iştirakçılara, tədbirə çəki-nizam vermiş istedadlı rejissor Loğman Kərimova öz təşəkkürünü bildirdi. İlyas Əfəndiyevin doğum günü ilə bağlı bir çox tədbirlər keçirilsə də, onun adını daşıyan bir gimnaziyada təşkil olunmuş tədbirin özəl yeri olduğunu qeyd etdi.
   Tədbirdə gimnaziyanın şagirdləri Azərbaycan şairlərinin İlyas Əfəndiyevə həsr etdirdikləri şeirləri səsləndirdilər.
   Hələ çox illər keçəcək, İlyas Əfəndiyevi yazdığı əsərlər, xalqının məhəbbəti və heç nəyi unutmayan zaman yaşadacaq.
   
   Təranə Vahid