Oktyabrın 17-də Muzey Mərkəzində “Molla Nəsrəddin” məcmuəsinin 105 illiyinə həsr olunmuş “Molla Nəsrəddin-Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi.
   
   “Narkotiklərə yox!” devizi altında gerçəkləşən müsabiqənin yekun tədbiri Bakıda keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfransla bir vaxta təsadüf edirdi. Müsabiqə Dövlət Gömrük Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilib.
   Tədbiri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açaraq bildirdi ki, müxtəlif ölkələri təmsil edən rəssamlar narkomaniya kimi ciddi bir bəlaya etiraz səslərini ucaldaraq müsabiqəyə maraqlı və orijinal əsərlər təqdim ediblər. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva müsabiqədə 63 ölkədən 307 rəssamın 670 əsərlə iştirak etdiyini nəzərə çatdırdı: “Əsərlərin hər biri orijinallığı ilə seçilir. Müsabiqədə iştirak edən bütün rəssamlara uğurlar arzulayıram”.
   Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk Bakıya səfərindən məmnunluq ifadə edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
   Rəssamlar Birliyinin katibi, Xalq rəssamı Ağaəli İbrahimov ölkəmizdə incəsənətin digər növləri kimi karikatura sənətinin də inkişaf etdiyini vurğuladı. Qeyd olundu ki, Azərbaycan karikaturaçıları müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edirlər.
   Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olundu. Münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qızıl medalına Alessandro Qatto (İtaliya), gümüş medalına Vladimir Kazanevski (Ukrayna), bürünc medalına Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görüldülər. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirildi.
   
   Ceyhun