YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun «Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu» kitabı oktyabrın 15-də Prezident Kitabxanasında təqdim olundu. Kitabın məsləhətçisi YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov, redaktoru «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyevdir. Azərbaycanın müstəqillik əldə etdikdən sonrakı iqtisadi inkişafının 20 illik dövrünün təhlil olunduğu kitabda araşdırmalar, analitik yanaşma, respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə tədqiq materialları yer alıb.
   Təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov nəşri müstəqilliyimizin 20 illiyinə əlamətdar töhfə adlandırdı. Millət vəkili Mübariz Qurbanlı kitabın son illərdə ölkədə baş verən iqtisadi proseslərə baxış üçün dəyərli mənbə olduğunu dedi.
   Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin bu gün uğurla davam etdirildiyini xatırladan millət vəkilləri Vahid Əhmədov və Qənirə Paşayeva Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya miqyasında daha da tanındığını bildirdilər. Onlar bu məqamların da geniş yer aldığı kitabda hadisələrin bir-birinə bağlı təsvir olunduğunu deyərək nəşrin təkcə iqtisadçılar üçün deyil, geniş oxusu auditoriyası üçün də maraqlı olacağını bildirdilər.

    G.Abdullayeva