Oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Cəmiyyəti Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə “Müstəqillik - ən böyük milli dəyər“ adlı tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə “Aşıq Şəmşir“ Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov açaraq ölkəmizin müstəqillik tarixi, ötən 20 ildə əldə olunan uğurlar, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda görülən işlərdən söz açdı. Qeyd olundu ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşmasına, sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi dəyərlərin dirçəlməsinə yönələrək gələcək müstəqilliyimizin təmin olunmasına zəmin yaradıb. O da vurğulandı ki, müstəqilliyimizin ilk illərində hərc-mərclik, iqtisadiyyatın zəifləməsi ölkədə dərin böhran yaradıb. 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın yeni inkişaf mərhələsi, müstəqil dövlət quruculuğu başlanıb. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilib və dövlətçilik ənənələri zənginləşdirilib. Bu inkişaf, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əldə olunan nailiyyətlərdə özünü göstərib.
   Tədbirdə daha sonra filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, şair Nofəl Ədalət, “Aşıq Şəmşir” Cəmiyyəti Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri çıxış etdilər.
   Tədbirin sonunda Aşıq Şəmşirin həyatı ilə bağlı videolent göstərildi...
   
   Savalan Fərəcov