Milli İncəsənət Muzeyində “dəyirmi masa”
   
   Fevralın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “XXI əsr - təsviri incəsənətdə innovasiya texnologiyaları” mövzusunda “dəyirmi masa” keçiriləcək. 
   Tədbirdə rəssamlar, sənətşünaslar, muzey işçiləri, mövzu ilə əlaqədar digər şəxslər iştirak edəcəklər.
   Son 100 ildə təsviri incəsənətdə bir sıra yeni bədii üslublar meydana gəlib. Ötən əsrin əvvəllərində kollaj yaranıb. XX əsrin ortalarında rəngkarlar müxtəlif innovativ texnologiyalara əsaslanan eksperimentləri öz əsərlərində tətbiq etməyə başlayıblar.
   Bu gün informasiya mədəniyyəti dövrüdür və insan fəaliyyətinin bütün sahələri kompyuterlə bağlıdır. İndi incəsənət dili də kompyuter qrafikası vasitəsilə genişlənir. Bədii təcrübəyə əsasən demək olar ki, sərgilərdə kompyuter qrafikası vasitəsilə tamamlanmış əsərlər nümayiş olunur. Beləliklə, təsviri incəsənət arsenalında rəssam düşüncəsinin o qədər yeni vasitələri yaranıb ki, sənətşünaslıq analizi innovasiya prosesinə yetişə bilmir.
   Bu və digər məsələlər Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək “dəyirmi masa”nın müzakirə mövzusu olacaq.