Kürdəmirdə “Xocalı harayı” adlı anım tədbiri keçirilib. N.Nərimanov adına Mədəniyyət Evində baş tutan tədbirdə rayon ziyalıları, əmək kollektivlərinin nümayəndələri, rayonda məskunlaşan Xocalı köçkünləri iştirak ediblər. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış edib. Mərasimdə Xocalı faciəsini əks etdirən film nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
   * * *
   Soyqırımının ildönümü ilə bağlı Kürdəmir Dövlət Rəsm Qalereyasında “Xocalı - 20” adlı rəsm sərgisi keçirilib. Sərgidə həvəskar rəssamların və məktəblilərin 100-ə yaxın əl işi nümayiş etdirilib.
   Kürdəmir rayon MKS-də Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə kitab sərgisi təşkil olunub.
   * * *
   Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində Vaqif Alıyevin yeni çapdan çıxmış “Xocalı göyərçinləri” kitabının təqdimat mərasimi olub.
   Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində işıq üzü görən kitabda faciənin canlı şahidlərinin xatirələri öz əksini tapıb, soyqırımın tarixi mahiyyəti açıqlanıb.
   Kitab haqqında danışan oxucular onun günümüzün ictimai-siyasi hadisələri ilə səsləşdiyini vurğulayıblar. Tədbirin sonunda Kürdəmir Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri, YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli çıxış edərək, “Xocalı göyərçinləri” kitabı haqqında mülahizələrini söyləyib.
   
   Kəmalə Məmmədova,
   Kürdəmir