Bakıda “Fransa inciləri” sərgisi açılıb. İki ölkə arasında gələcək müştərək layihələr də müzakirə edilib.
   
   Xəbər verildiyi kimi, martın 9-da Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Nümayəndə heyəti öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyub. Fransalı qonaqlar Şəhidlər xiyabanını da ziyarət edərək qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb.
   
   Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın mədəniyyət və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan-Fransa əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Prezident Bakıda təşkil olunan Fransa incəsənəti sərgisinin də bu sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini deyib.
   İki ölkə arasında mədəni əməkdaşlığın uğurla inkişaf etdiyini deyən qonaq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd edib. Nazir Bakıda “Fransa inciləri” adlı sərginin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu məmnunluqla qeyd edib.
   
   “Fransız incəsənəti Renessansdan bu günədək”
   
   Martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” adlı sərgi açılıb. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, xarici diplomatlar iştirak ediblər.
   Bakının mədəni həyatında çox önəmli hadisə olan sərginin davam edəcəyi iki ay ərzində Fransa incəsənətinin 400-dək nadir əsəri nümayiş olunacaq. Xatırladaq ki, ötən ilin aprelində Parisdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Bakıda fransız incəsənəti sərgisini təşkil etməyi qərara almışdılar. Sərgidəki əsərlər fransız zövqü, fransız ideyaları və fransız kreativini əks etdirir.
   Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində gerçəkləşən bu sərgi Azərbaycan-Fransa mədəni əməkdaşlığında yeni səhifədir.
   Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva “Fransa inciləri” sərgisinin Heydər Əliyev Fondu, Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyi, Fransa Dövlət Muzeylər Birliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və digər təşkilatların sıx əməkdaşlığı nəticəsində təşkil olunduğunu bildirdi. Qeyd olundu ki, “Fransa inciləri” sərgisi digər ölkələrin paytaxtlarında da təqdim olunacaq. Lakin ilk dəfə məhz Bakı şəhərində nümayiş olunur: “Bu gün Azərbaycanın Milli İncəsənət Muzeyi öz qapılarını Fransanın incəsənətinə - incə zövq və zəngin mədəni irsə malik olan bir ölkənin yaradıcılıq ənənələrinə açır. Sərgidə təqdim olunan xalçaçılıq, təsviri incəsənət nümunələri, qravürlər və fotoşəkillər, dekorativ sənət əşyaları Fransanın ən möhtəşəm muzeylərinin kolleksiyalarından gətirilib.
   Versal sarayını, Luvr və Orse muzeylərini, Pompudi mərkəzini, Fransa Dövlət Kitabxanasını və digər çox məşhur mədəniyyət ocaqlarını bəzəyən 400-ə yaxın eksponat iki aydan çox paytaxtımızda təqdim olunacaq”.
   Azərbaycanda Fransa incəsənətinin hər zaman yüksək dəyərləndirildiyini qeyd edən Mehriban Əliyeva bu əlaqələrin zəngin tarixi olduğunu vurğulayıb: “Bu sırada XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin “Femina” Teatrında fransız dilində tamaşaya qoyulmuş “Arşın mal alan” operettası, Fransada vaxtilə nəşr olunan “Qafqaz” jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına “Banin” imzası ilə daxil olan yazıçı Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər”.
   Qeyd olundu ki, müasir dövrdə də Azərbaycan-Fransa mədəni əlaqələri uğurla inkişaf edir. Fransada Azərbaycanın mədəniyyət günləri təşkil olunur, sərgilər, festivallar, konsertlər keçirilir. Fransanın bir sıra ali təhsil ocaqlarında Azərbaycan dili fakültələri fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Bu il Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Bu ilin aprel ayında Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən “Bakıya uçuş” adlı sərgi keçiriləcək. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtımızda ilk fransızdilli məktəbin binasının inşası başlayıb. Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyinin və Strasburqun tarixi kilsəsinin bərpasında da iştirak edib.
   ”Əminəm ki, belə görüşlərin, belə tədbirlərin sayı gələcəkdə yalnız artacaq və bu da xalqlarımızı bir-birinə daha yaxından, daha dərindən tanıdacaq”, - deyə Mehriban Əliyeva bildirib.
   
   * * *
   Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Mehriban xanım Əliyevaya iki ölkənin mədəni əlaqələrinin tarixi və bu günü barədə məzmunlu nitqinə, eləcə də Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi mədəni layihələrə görə təşəkkür edib: “Biz fransızlar olaraq, Fransa vətəndaşları olaraq bununla bağlı Sizə dərin təşəkkürümüzü bildiririk. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə, bu o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların da sayı çoxalır. Biz məlumatlıyıq ki, Azərbaycanın da çox gözəl mədəni irsi vardır. Mən bu sözləri deyərkən Azərbaycanın muzeylərini, poeziyasını, incəsənətini, baletini nəzərdə tuturam. Mən burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sizin çox zəngin memarlıq irsiniz var və bütün bunlar artıq, öz çıxışınızda qeyd etdiyiniz kimi, silinməz izlər qoymuşdur və bu izlər əsrlər boyu formalaşmışdır.
   Təbii ki, aramızdakı mədəni mübadilələr, mövcud münasibətlərin bu sahədə möhkəmləndirilməsi, hörmətli Mehriban xanım, Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xeyirxah münasibəti və sadiqliyi olmadan mümkünsüz olardı.
   Bu sərgi hamımızın ümumi şəkildə mədəni dəyərlərə nəinki sadiqliyimizi nümayiş etdirir, həmçinin Fransanın Azərbaycana ümumi hörmət və ehtiramının, rəmzi və bu sərginin təşkilində əməyi olan hər bir şəxsə göstərilən hörmət və rəğbətin təzahürüdür. Bu baxımdan, təbii ki, biz xüsusi minnətdarlığımızı, xüsusi təşəkkürlərimizi Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fonduna yetiririk. Bu sərgi artıq digər ölkələr üçün də yaxşı nümunə ola bilər. Fransa Azərbaycan ilə mövcud mədəni münasibətlərə xüsusi əhəmiyyət verir. Bunu nəzərə alaraq mən bəyan edirəm ki, bu gün məhz mədəni əməkdaşlığımızda, münasibətlərimizin tarixində biz yeni bir səhifəni açırıq”.
   Fransalı nazir iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə yeni layihələrlə davam edəcəyini bildirib: “Biz bundan sonra kino sahəsində yeni birgə tədbirlərin, yeni sərgilərin keçirilməsini nəzərdə tuturuq. Biz bilirik ki, Bakıda fransız liseyi tikilir və Parisdə Azərbaycan evi açılacaqdır. Bu qəbildən bir çox tədbirləri biz bir yerdə keçiririk. Bütün bunlar aramızda olan dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir”.
   
   * * *
   Sonra iştirakçılar “Fransa inciləri” sərgisi ilə tanış olublar. Sərgidə Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakrua, Ogüst Renuar kimi məşhur rəssamların əsərləri nümayiş olunur. Azərbaycanın və Fransanın inkişaf etdirmək istədikləri mədəni əlaqələrin ruhunu əks etdirən bu sərgidəki əsərlər fransızların zövqünü, ideyalarını, yaradıcılıq dünyasının incəliklərini əyani şəkildə görüb qiymətləndirməyə imkan verəcək.   

   Mədəni tədbirlər xalqlarımızı bir-birinə daha yaxından tanıdır
   
   Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqlar Heydər Əliyev Fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
   Bakıda “Fransanın inciləri” adlı sərginin açılmasını Azərbaycanın mədəni həyatında mühüm hadisə kimi dəyərləndirən Mehriban Əliyeva “Şadam ki, dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Fransanın mədəniyyət qurumları ilə sıx əməkdaşlıq edir. Şübhəsiz ki, bütün bu tədbirlərin, görüşlərin məqsədi Azərbaycan və fransız xalqlarını bir-birinə daha yaxından tanıtmaqdır”, - deyə vurğulayıb. Öz növbəsində fransalı nazir də Heydər Əliyev Fondunun prezidentinin ötən il Fransaya səfərini xatırladaraq belə görüşlərin ölkələrimiz arasında dostluğa töhfə olduğunu deyib.
   
   Müasir İncəsənət Muzeyi ilə tanışlıq
   
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran martın 9-da Müasir İncəsənət Muzeyində olublar. Fransanın mədəniyyət və kommunikasiya naziri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib.
   Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb.
   Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanov və bir çox digər tanınmış fırça ustası və heykəltəraşının əsərləri ilə tanış olub.
   Muzeyin Qərbi Avropa incəsənəti salonunda Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.
   Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi nümayiş etdirilir.
   
   Azərbaycan-Fransa mədəni əlaqələrinin perspektivləri müzakirə edilib
   
   Martın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Belə görüşlərin ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Əbülfəs Qarayev qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
   Son illərdə Azərbaycanda turizm sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir qeyd edib ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində son illərdə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib.
   Nazir dünyanın ən böyük muzeylərindən olan Luvr Muzeyində Azərbaycan mədəniyyətini təbliğ edən sərgilərin təşkilinin bizim üçün böyük hadisə olduğunu nəzərə çatdırıb. Bu gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin repertuarında tanınmış fransız bəstəkarlarının əsərlərinin yer alması, kino və incəsənətin digər sahələrində birgə layihələrin həyata keçirilməsi bizə yaxın gələcəkdə əməkdaşlıq baxımından daha yaxşı nəticələr vəd edir.
   Azərbaycana səfərindən böyük məmnunluq hissi duyduğunu söyləyən Frederik Mitteran Bakıda aparılan quruculuq işlərini yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Azərbaycanda aparılan tikinti işləri son memarlıq üslubunda və xüsusi zövqlə icra edilir: “Qazanılan hər bir uğur və dövlətinizin inkişafı naminə həyata keçirilən layihələr məni olduqca sevindirdi. İnanıram ki, bizim bu görüşlərimiz Azərbaycan ilə Fransa arasında mövcud olan iqtisadi, siyasi, mədəni əlaqələrə yeni töhfələr verəcəkdir”.
   
   Fransalı qonaqlar Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzində olublar
   
   Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran martın 10-da Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağa muzeyin maket və eskiz layihələri əsasında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayında başlanılıb. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən muzeyin dördmərtəbəli yeni binasının tikintisi başa çatmaq üzrədir.
   Ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaq. Dördüncü mərtəbə sərgi salonları və görüş otaqları yerləşəcək. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulmuşdur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Muzeyin yeni binası Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək.
   Fransalı nazir dünya mədəniyyətinin nadir incilərindən hesab olunan Azərbaycan xalçalarının qorunması və nümayiş etdirilməsi baxımından muzeyin yeni binasının tikilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, muzey Azərbaycan mədəniyyətinin təbliğinə dəyərli töhfəsini verəcək.
   Sonra fransalı nazir Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub. Qonağın nəzərinə çatdırılıb ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Muzey 2009-cu ildə istifadəyə verilib. Mərkəz ilə yaxından tanış olan fransalı nazir gənc muğam ifaçılarının çıxışlarını maraqla dinləyib.
   
   “Nizami” Kino Mərkəzi qonaqlarda xoş təəssürat yaradıb
   
   Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti “Nizami” Kino Mərkəzi ilə də tanış olub. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqlara yeni istifadəyə verilmiş mərkəz haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılıb. Mərkəzin binasında ən müasir işıq, səs, akustika sistemləri ilə təchiz olunan dörd zal yaradılıb.
   Qonaqlar ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti ilə diqqəti cəlb edən foye ilə tanış olublar.
   Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 yerlik əsas zal ilə tanışlıq zamanı məlumat verilib ki, burada beş dildə sinxron tərcümə sistemi yaradılıb.
   “Nizami” Kino Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Frederik Mitteran kinematoqrafiya sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, Fransa birgə film istehsalı ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlıq sazişi imzalamağa hazırdır. Qonaqlar “Nizami” Kino Mərkəzi ilə tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.
   
   “İnanıram ki, tezliklə məharətinizi Fransada da nümayiş etdirəcəksiniz”
   
   Martın 10-da Azərbaycan Dövlət Rəqs Ansamblı Bakıda səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti qarşısında konsert proqramı ilə çıxış edib.
   İfaçılara minnətdarlığını bildirən Frederik Mitteran deyib: “Siz bu gün bizlərə olduqca gözəl və unudulmaz anlar yaşatdınız. Siz ata-babalarınızın milli rəqslərlə bağlı qoyub getdiyi tarixi keçmişi olduqca gözəl ifa tərzi ilə yaşatmaqla yanaşı, həm də onu təbliğ edirsiniz. İnanıram ki, siz tezliklə bu məharətinizi Fransada da nümayiş etdirə biləcəksiniz”.